Aleksandr Jidkov özünə yeni komanda axtarır

Aleksandr Jidkov özünə yeni komanda axtarır "Sadəcə, münaqişəni dayandırmaq, məsələni yalnız siyasi yolla həll etmək lazımdır"
Futbol
15 Oktyabr , 2020 16:36
Aleksandr Jidkov özünə yeni komanda axtarır
Aleksandr Jidkov

"Təbii ki, millinin oyunlarını izləyirəm. 2 gün öncə Kiprlə matçı Rusiya telekanalı canlı yayımladı. Üstünlük böyük olsa da, imkanları qola çevirməkdə axsama var idi. Perspektiv nəzərə çarpır, yalnız qol vurmaq lazımdır".

Bu fikirləri "Report"a açıqlamasında "Neftçi"nin və Azərbaycan milli komandasının sabiq oyunçusu Aleksandr Jidkov yığmanın UEFA Millətlər Liqasındakı çıxışı barədə danışarkən deyib.

Veteran qapıçı millidəki davamçılarının yaxşı təsir bağışladıqlarını bildirib: "Kiprlə oyunda qapıçının (Şahruddin Məhəmmədəliyev - E.S.) seyv etdiyi xüsusi epizod görmədim. Amma ayaqla oynaması məni qane etdi. Ümumiyyətlə, sakit, həyəcansız oynayırdı. Hər şey qaydasındadır. Təəssüf ki, Monteneqro ilə görüşü izləmədiyim üçün digər qolkiperin (Emil Balayev - E.S.) səhvə yol verdiyi epizodu şərh edə bilməyəcəyəm".

Hazırda işsiz olduğunu söyləyən 55 yaşlı mütəxəssis bir müddət öncə Rusiyanın "Avanqard" klubundan ayrılmasının səbəbini açıqlayıb: "Hələlik istirahətdəyəm. Yeni iş yeri axtarışındayam. "Avanqard"la bu ilin mayınadək müqaviləm var idi. Komanda aşağı liqaya düşdü, maliyyə məsələləri həllini tapmadı. Buna görə də sözləşmənin müddətini uzatmadılar. Bir-birimizin əlini sıxdıq, sağollaşdıq. Ona görə belə vəziyyət yarandı. Hazırda pandemiya dövrüdür. Bütün dünyada klubların ciddi problemləri var".

Azərbaycandan iş təklifi almadığını bildirən Jidkov Dağlıq Qarabağ münaqişəsi haqqında danışmaq istəmədiyini vurğulayıb: "Siyasət yaxşı iş deyil. Son nəticədə insanlar həlak olurlar. Dünyada çoxlu münaqişə ocağı var. Sadəcə, münaqişəni dayandırmaq, məsələni yalnız siyasi yolla həll etmək lazımdır. Mən futbolla məşğul oluram. Münaqişəni mən yox, siyasətçilər həll etməlidirlər".

Qeyd edək ki, 1984 - 1987-ci illərdə "Neftçi"nin şərəfini qorumuş Aleksandr Jidkov 1994 - 1998-ci illərdə Azərbaycan millisində çıxış edib. Keçmiş qolkiper 21 oyunda yığmanın qapısını qoruyub.

Son xəbərlər

Orphus sistemi