Albaniyalı hücumçu: "Qarabağ"dan təklif gələndə zarafat olduğunu düşündüm"

Albaniyalı hücumçu: "Qarabağ"dan təklif gələndə zarafat olduğunu düşündüm" "Qarabağ"dan təklif gələndə bunun zarafat olduğunu düşündüm".
Futbol
21 Fevral , 2023 17:52
Albaniyalı hücumçu: Qarabağdan təklif gələndə zarafat olduğunu düşündüm

"Qarabağ"dan təklif gələndə bunun zarafat olduğunu düşündüm".

"Report"un məlumatına görə, bunu ağdamlıların yeni transferi Redon Cica Azərbaycan çempionuna keçidi barədə "supersport.al" nəşrinə müsahibəsində deyib.

Albaniyalı hücumçu bildirib ki, "Tirana"da oynayarkən hər gün onu istəyən bir neçə komanda ortaya çıxırdı: "Bir gün agentim dedi ki, artıq müqavilə imzalanıb. Bundan sonra hər şeyin ciddi olduğunu başa düşdüm. Düzgün seçim etdiyimi düşünürəm. Çünki "Qarabağ" Avropada tanınmış komandadır. Azərbaycanda isə bir nömrədir".

25 yaşlı forvard Azərbaycan və Albaniya futbolunu da müzakirə edib: "Burada futbol daha sürətli və texnikalıdır. Albaniyada isə çox vaxt heç-heçəyə oynayırlar, sürət aşağı olur. Azərbaycan Premyer Liqasında oyun tempi yüksəkdir və siz meydanda daha çox boş sahə tapa bilirsiniz. Bu mənada, iki ölkə futbolu arasında böyük fərq var".

O, "Qarabağ"a keçməzdən əvvəl "köhlən atlar"ın sabiq müdafiəçisi Ansi Aqolli ilə danışdığını söyləyib: "Buraya gələndən sonra isə komandada hər kəsin ona hörmət bəslədiyini gördüm. O, "Qarabağ"ın əfsanəsidir və daim xatırlanır. Ümid edirəm ki, nə vaxtsa Ansi kimi klubun tairixində öz yerimi tutaram".

UEFA Konfrans Liqasında Belçika "Gent"inə qarşı keçirdiyi pley-off mərhələsinin ilk oyununu da şərh edən Cica fərqli emosiyalar yaşadığını vurğulayıb: "Mən meydana çıxanda komandamız hesabda öndə idi. Ona görə də daha təmkinli oynadıq. İki dəfə qol vurmaq üçün şansım oldu. Birində top qapı tirinə tuş gəldi. Şans mənim tərəfimdə deyildi. Odur ki, edə biləcəyim bir şey yoxdur. İnanıram ki, tezliklə qollarımı vuracağam".

Qeyd edək ki, "Qarabağ" "Gent"ə qarşı cavab matçını fevralın 23-də Belçikada keçirəcək. İlk oyunda Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi