Aftandil Hacıyev: "Baş hakimin nəticəyə ciddi təsiri oldu"

Aftandil Hacıyev: "Baş hakimin nəticəyə ciddi təsiri oldu" "Oyuna itkilərlə gəlmişdik. "Qarabağ"la matç çox ağır keçdi. Maksimum mübarizə aparmağa çalışdıq. Pis futbol oynamadıq. İlk hissədə yaxşı qol imkanlarımız oldu".
Futbol
31 Oktyabr , 2021 20:36
Aftandil Hacıyev: Baş hakimin nəticəyə ciddi təsiri oldu

"Oyuna itkilərlə gəlmişdik. "Qarabağ"la matç çox ağır keçdi. Maksimum mübarizə aparmağa çalışdıq. Pis futbol oynamadıq. İlk hissədə yaxşı qol imkanlarımız oldu".

"Report"un məlumatına görə, bunu "Səbail" klubunun baş məşqçisi Aftandil Hacıyev səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, matçın baş hakimi Fərid Hacıyevin nəticəyə ciddi təsiri oldu: "İlk hissədə Nikolas Rayselin epizodunda ofsayd yox idi. İkinci hissədə oyunu nəzarətə almağa çalışdıq. Höccət Haqverdi ilə Rayselin münaqişəsində bizim futbolçuya "qırmızı", rəqibə "sarı" verildi. Nə üçün belə qərar oldu, anlamadım. Hakimlər belə matçlarda daha ciddi olmalıdır. Bəlkə də, "Səbail"i çox araşdırmırlar. Amma bizə qarşı çox səhvlər olur. Bilmirəm, bəlkə kimsə dayaqsız, iddiasız olanda belə edirlər? Qəbələdə uduzduğumuz oyunda mənasız vərəqələr verilir. Onsuz bizim heyətimiz kasaddır. Artıq 3-cü oyundur ki, azlıqda qalırıq. Mənim kimi səbrli adam da artıq dözmür. Bu səhvlərin nədən irəli gəldiyini bilmirəm. "Sumqayıt"ın qələbəsinə kölgə salmıram. Ümimiyyətlə, hakimlər bizə qarşı diqqətli olsa, yaxşı olar. Çalışacağıq ki, növbəti oyunlara yaxşı hazırlaşaq".

Hacıyevin sözlərinə görə, heç bir komandanın hücum xəttində bu qədər yerli futbolçu çıxış etmir: "Keyfiyyət digər komandalara nisbətən aşağı ola bilər. Hər oyun kifayət qədər qol imkanları yaradırıq. "Qarabağ", "Neftçi" kimi rəqiblərlə oyunda da 5-6 qol fürsətimiz oldu. Mən futbolçularımdan razıyam".

Baş məşqçi istəksiz oynadıqlarını etiraf edib: "Amma "Qarabağ"a qalib gəldikdən sonra futbolçularda hər hansı eyforiya müşahidə etmədim. İlk qolu vuran komandanın qələbə qazanmaq şansı daha yüksək olur. Futbolçuların oyunundan narazı qala bilmərəm. Onsuz da onlar aşağı məvacibə oynayır. Bu gecikəndə də sıxıntılar başlayır. Artıq bunlar düzəlib. Problem tez həll olundu. Əvəzedici komanda da demək olar ki, yol puluna oynayır".

Mütəxəssis "Səbail"də işləməkdən bezmədiyini deyib: "Hər kəs istəyər ki, əlində yaxşı heyət olsun. Amma bezməmişəm. Sevdiyim işi görürəm. Uzun müddətdir buradayam. Könül istəyər ki, şərait daha yaxşı olsun. Buna baxmayaraq, həvəsdən düşmürük. Onsuz da qarşımıza böyük hədəflər qoyulmayıb. Gələcəkdə necə olacağını bilmirəm. "Səbail" mənə ilk qapı açan klubdur. Öz xoşumla getməyi düşünmürəm. Karyeram üçün xeyirli olan nədirsə, onu etməyi düşünürəm. Hazırda bütün diqqətim "Səbail"dədir".

Hacıyev ev oyunlarını keçirdikləri "ASCO Arena"nın süni örtüyünün təbii otla əvəz oluna biləcəyini də istisna etməyib: "Mövsümün əvvəlində rəhbərliklə danışdıq. Hazırda bu mövzu aktuallaşıb. Bəlkə məsələnin həllini sürətləndirərlər".

Son xəbərlər

Orphus sistemi