AFFA-nın departament direktoru: “Müraciətlər çoxdur, klublar kifayət qədər fəaldırlar” - MÜSAHİBƏ

AFFA-nın departament direktoru: “Müraciətlər çoxdur, klublar kifayət qədər fəaldırlar” - MÜSAHİBƏ AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədovun “Report”a müsahibəsi
Futbol
18 Yanvar , 2024 12:57
AFFA-nın departament direktoru: “Müraciətlər çoxdur, klublar kifayət qədər fəaldırlar” - MÜSAHİBƏ

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədovun “Report”a müsahibəsi.

- Azərbaycan klubları 2024/2025 mövsümü üçün lisenziya müraciətlərinə rəsmən başlayıblar?
- Lisenziya üçün müraciət edən klublarla bağlı treninqləri başa vurmuşuq. Ekspertlər mütəmadi olaraq klublarla əlaqə saxlayır, sənədlərə baxır, öz tövsiyələrini verirlər. Bəzi klublar sənədləri təqdim etməyə artıq başlayıblar. Amma hələ vaxtları var. Yalnız UEFA lisenziyası üçün az müddət qalıb.

- UEFA lisenziyası üçün Premyer Liqanın bütün iştirakçıları müraciət ediblər?
- Bunu açıqlaya bilmərik. Çünki idman nəticələrinə təsir edə bilər. Onu deyə bilərəm ki, UEFA lisenziyaları barədə komissiyanın qərarını mayın ortalarına qədər açıqlayacağıq. Çünki UEFA bizə mayın sonuna qədər vaxt verib. Mayın ortalarına qədər qərarı açıqlayacağıq ki, bununla razılaşmayan hansısa klubun siyahını UEFA-ya göndərənə qədər apellyasiya şikayəti verməyə vaxtı olsun.

- Bəs ölkə daxili yarışlarla bağlı qərarlar nə zaman açıqlanacaq?
- Premyer Liqa, I Liqa, II Liqa və Yüksək Qızlar Liqası ilə bağlı qərarlar yarışlar bitdikdən sonra açıqlanacaq. Pley-off mərhələsi olan liqa ilə bağlı qərar pley-offdan əvvəl veriləcək. Qadınların çempionatında bu mövsümdən etibarən həm UEFA-ya, həm də yüksək liqaya lisenziya məcburidir.

- Yüksək Qızlar Liqasının 2024/2025 mövsümü üçün hazırkı 9 iştirakçının hamısı müraciət edib?
- Bəli. Ancaq hansının UEFA, hansının daxili çempionat üçün lisenziya almaqla bağlı müraciət etdiyini söyləyə bilməyəcəyəm. Adları açıqlamaq idman nəticələrinə təsir etmək deməkdir. Onu deyə bilərəm ki, hamısı Yüksək Qızlar Liqasında iştirak üçün müraciət edib.

- Bu liqada komanda sayının artırılması məsələsi gündəmdə var?
- Bunu mövsümün sonunda biləcəyik. II Liqa olmadığından, elitaya yüksəlmək və ya aşağı liqaya düşmək olmayacaq. Əlavə müraciət üçün vaxt var. Kimsə çempionata qatılmaq istəsə, mövsümün sonuna yaxın onlarla görüş keçirəcəyik. Onların daha qısa prosesdən keçərək, növbəti mövsüm üçün lisenziya əldə etmək şansları olacaq.

- I Liqa klubları arasında Premyer Liqada iştirakla bağlı müraciətlər var?
- Bəli, müraciətlər olub. Həmçinin I Liqada çıxış etmək istəyən II Liqa komandaları var. Qiymətləndirmə aparmaq indiki məqamda çətindir. Çünki klubların vaxtı var. Fevral-aprel ayları aralığında lisenziya müraciətləri üçün qızğın vaxt sayılır. Meyarlar üzrə sənədlərin qəbulu başlayacaq.

- Klubların bu baxımdan fəaliyyətləri ürəkaçandır?
- Müraciət çoxdur, klublar kifayət qədər fəaldırlar. I və II liqalarda çıxış edən komandaların iddiaları olmasa belə, onlar yer aldıqları çempionatlarda yenidən oynamaq üçün lisenziya almalıdırlar. Bunu klublarla görüşlərdə bildirmişik. I Liqa iştirakçılarının hamısından ən az mövqelərini qorumaqla bağlı müraciət almışıq. Bəziləri hətta Premyer Liqa üçün müraciət ediblər. Eyni zamanda II Liqa komandalarının da fəallığını qeyd etməliyəm. Ofisi Bakıda olanları AFFA-da qəbul edərək treninqləri keçirdik. Ofisi paytaxtda olmayanlarla isə yerlərdə görüşmüşük.

- Komandaların maliyyə durumları ilə bağlı vəziyyət necədir?
- Bildiyiniz kimi, bütün klublar dövlət tərəfindən maliyyələşir. Departamentimizin maliyyə meneceri həmin pulların necə xərclənməsinə dair hər ay klublardan hesabat alır. Hələ ki, bəzi klublar fəallıq nümayiş etdirirlər. Bəzilərinin isə əlavə sponsorlarının olması işlərini asanlaşdırır. Maliyyə hesabatı sırf lisenziyalaşdırma üçün auditdən keçməlidir. Bu da mart-aprel aylarında baş verəcək. I Liqa üçün əlavə vaxt vermişik. Çünki oradakı klublar nisbətən təcrübəsizdirlər. Premyer Liqa təmsilçilərindən arxayınıq. İllərdir bu prosesdən keçdikləri üçün təcrübələri böyükdür. Bu mövsümdən digər liqaların iştirakçıları ilə daha çox təmasda oluruq.

- Yekun qərarı AFFA-ya təqdim etmək üçün konkret tarix müəyyənləşdirmisiniz?
- Hər bir klub müstəqil auditoru dəvət edərək, sənədləri ona verəcək. Auditor da hesabatını hazırlayaraq rəyini verəcək. UEFA lisenziyası üçün son tarix 15 maydır. I Liqadan Premyer Liqaya lisenziya müraciətləri ilə bağlı iyunun 5-nə qədər qərar verilməlidir. I və II liqalarda iştirakla bağlı lisenziya müraciətinin cavabı da həmin tarixə qədər müəyyənləşməlidir. Yüksək Qızlar Liqasında isə son tarix 10 iyundur. Ancaq pley-off məsələsini də nəzərə alacağıq. Məsələni elə tənzimləyəcəyik ki, pley-offda iştirak edəcək komandaların hər ikisinin lisenziyası olacaq. Çünki pley-off matçından sonra qərar açıqlansa, həmin görüş önəmini itirə bilər. Məsələn, hansısa komandanın müraciət etdiyi liqada oynamaq ixtiyarı olmayacaqsa, onun pley-offda iştirakı mənasızlaşar. İctimaiyyətin diqqətini idman nəticələrinə yönləndirmək üçün I və II liqalar bitdikdən sonra bu barədə qərarları açıqlayacağıq.

Son xəbərlər

Orphus sistemi