AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən "Füzuli" komandasının məşqçisi Xəqani Quliyevi bir il yarışlardan kənarlaşdırıb.
"Report"un məlumatına görə, Quliyev "FC Baku" ilə matçın 68-ci dəqiqəsində hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırılarkən referiyə qarşı fiziki təsir göstərib.
Görüş başa çatdıqdan sonra isə "Füzuli"inin futbolçusu Habib Məmmədli hakimlər briqadasını təhqir edərək onlara tüpürüb. Buna görə də Məmmədli 6 oyunluq cəzalanıb.
Region Liqasında Mingəçevirin “Energetik” komandasının futbolçuları Kamran Lalayev və Elvin Əlizadə Sumqayıt "Uğur" kollektivi ilə oyunda hakimləri təhqir etdiyi üçün 4 oyunluq cəzaya məruz qalıb.
Komandanın məşqçisi Samir Məmmədov da oyunçuları kimi hakimlərə qarşı qeyri-etik ifadələr işlədikdən sonra texniki zonadan qovulub və ona 5 oyunluq cəza kəsilib.
U-16 liqasında keçirilən “Qarabağ” – “Səbail” görüşündə də eyni hal yaşanıb. Bu səfər isə "Səbail"in həkimi Əhməd Əhmədov hakimləri təhqir edib və 5 oyunluq cəzalanıb. U-10 liqasındakı “Səbail” – “Gəncə” TİM bölgə komandasının məşqçiləri hakimi hədəf alıblar. İntiqam Səmədov və İlkin Verdiyev təhqirə görə 5 oyun texniki zonada yer almayacaq.