“Azərsun Holdinq” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri, “Qarabağ” klubunun fəxri prezidenti Abdolbari Gozal komandanı cari mövsüm avrokuboklardakı uğurlu çıxışı münasibətilə təbrik edib.
“Report”un klubun rəsmi saytına istinadən məlumatına görə, o, bununla bağlı klub rəhbərliyi ilə görüşüb.
Görüşdə vitse-prezident Fevzihan Aras, direktor Əmrah Çəlikəl, baş məşqçi Qurban Qurbanov, İdarə Heyətinin üzvləri Asif Əsgərov və Rafiq Şahverdiyev iştirak ediblər.
Fəxri prezident “Qarabağ”ın ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsinə düşməsini böyük uğur kimi qiymətləndirib. Abdolbari Gozal ağdamlıların Norveçin “Molde” klubunu 1:0 hesabı ilə məğlub etməklə qrup mərhələsinin I turunda qələbə qazanan ilk Azərbaycan klubu olduğunu vurğulayıb.
O, Asif Əsgərovu Avropa Klublar Birliyinin (European Club Association) 2023-2027-ci illər üçün İcraiyyə Komitəsinə üzv seçilməsi münasibətilə təbrik edib, beynəlxalq futbol qurumlarının rəhbər və qərarverici orqanlarında təmsil olunan ilk azərbaycanlı olan funksionerə uğurlar arzulayıb. Fəxri prezident klubun artıq təkcə futbolçu deyil, idarəçilər də yetişdirməsini fəxrlə vurğulayıb. Abdolbari Gozal görüşün sonunda İdarə Heyətinin üzvlərinə tapşırıq və tövsiyələrini verib, komandaya beynəlxalq və daxili yarışlarda uğurlar arzulayıb.