“Formula 1” üzrə Azərbaycan Qran-prisində könüllü olmaq üçün proqram elan edildikdən sonra ilk gün ərzində 6000 nəfərdən çox müraciət olub.
Bu barədə “Report”a Bakı Şəhər Halqasının (BŞH) İnsan resursları şöbəsinin rəhbəri İranə Əhmədova məlumat verib.
O bildirib ki, könüllü olmaq üçün proqram çərçivəsində 9000-dən çox gənc qeydiyyatdan keçib: “Həmçinin xaricdən gələn müraciətlər də var. Say məhdud olduğu üçün ciddi seçimlər etməliyik. Könüllülər bir neçə kriteriyalara əsasən seçilir. Liderlik, komanda ilə birgə işləmək bacarıqları, kommunikasiya, tolerantlıq və stressə davamlılıq kimi kriteriyalara əsasən onları cəlb edirik və yoxlayırıq”.
İranə Əhmədova əlavə edib ki, Azərbaycan Qran-prisində 1500-dən çox könüllünün iştirakı nəzərdə tutulub. Bunun üçün hər gün 100-dən çox müsahibə keçirilir.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 28 - 30 apreldə təşkil olunacaq.