"Tokio olimpiadalar tarixində yarışa ən hazır şəhərə çevrilib. Bu, mövcud çətin şəraitdə daha da əhəmiyyətlidir. Görülən işlərdən tamamilə razı qala bilərsiniz".
"Report"un məlumatına görə, bu fikirləri Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax Tokio-2020 Yay Olimpiya Oyunlarının yerli Təşkilat Komitəsinin sədri Seyko Hasimoto ilə görüşü zamanı deyib.
Almaniyalı funksioner bildirib ki, Oyunların startına 10 gün qalsa da, görüləsi işlər çoxdur: "Bizim missiyamız idmançılar Tokionu tərk edəndə tamamlanacaq. Ortaq hədəfimiz olimpiadanın iştirakçılar və ən əsası, Yaponiya xalqı üçün etibarlı və təhlükəsiz keçirilməsidir. İnsanlar koronavirusun yayılmasının qarşısının alınması üçün ən sərt tədbirlər və beynəlxalq vaksinasiya proqramı da daxil olmaqla, yarışın təşkilinə yüksək səviyyədə hazırlığımıza arxayın ola bilərlər".
Qeyd edək ki, olimpiada 23 iyul - 8 avqust tarixlərində keçiriləcək.