Abşeron rayonunun Novxanı kəndində “Sərhədçi” Atçılıq Mərkəzinin yeni istifadəyə verilmiş qərargah binasının açılışı olub.
“Report” xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Cavid Abdullayev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş tapşırıqların yüksək səviyyədə icrasının davam etdirildiyini xüsusi vurğulayıb. O, ölkəmizdə atçılığın inkişafda olduğunu, güclü idmançıların yetişdirildiyini, gənclərimizin sağlam ruhda tərbiyə olunduğunu bildirərək, hərbi hissədə qərargah binasının açılışı münasibətilə şəxsi heyəti təbrik edib.
Sonda tədbir iştirakçılarına hərbi hissənin tarixini əks etdirən fotoguşə nümayiş olunub, qapalı manejdə süvarilərin atlarla xüsusi fəndlərdən istifadə etmələrinə dair konkur, açıq manejdə isə cövkən yarışları təşkil olunub.