Gənclər və İdman Nazirliyi Şəki Olimpiya İdman Kompleksinə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün media-tur təşkil edib.
"Report"un məlumatına görə, jurnalistlər idman obyektində yaradılmış şəraitlə yaxından tanış olublar.
Nazirliyin əməkdaşı Babək Həmidov kompleksdə olimpiya idman növləri üçün məşqlərin pulsuz olduğunu diqqətə çatdırıb.
O, ölkədə 50-dən çox kompleksin fəaliyyət göstərdiyini bildirib: "Son illərdə idmana nəzarət gücləndirilib. Bir sıra olimpiya idman komplekslərində təmir-bərpa işlərə həyata keçirilib. Xüsusən də üzgüçülük hovuzları bərpa edilib. Bunun nəticəsində həmin idman infrastrukturlarında üzgüçülük məktəbləri fəaliyyətlərini davam etdirirlər. Qeyri-olimpiya növlərinin də sayları artırılıb. Gənclərin və idmançıların komplekslərə cəlb edilməsində artım müşahidə olunur".