Rusiya idman nazirinin müavini: "Azərbaycanın yaxşı təşkilatçılıq təcrübəsi var"

Rusiya idman nazirinin müavini: "Azərbaycanın yaxşı təşkilatçılıq təcrübəsi var" Rusiya idman nazirinin müavini Aleksey Morozovun "Report"un Kazana ezam olunmuş əməkdaşına müsahibəsi
Fərdi
9 Sentyabr , 2021 15:27
Rusiya idman nazirinin müavini: Azərbaycanın yaxşı təşkilatçılıq təcrübəsi var
Aleksey Morozov

Rusiya idman nazirinin müavini Aleksey Morozovun "Report"un Kazana ezam olunmuş əməkdaşına müsahibəsi

- II MDB Oyunlarını iki ölkə - Azərbaycan və Belarus təşkil etmək istəyir. Həm Bakı, həm də Minskin yaxşı təşkilatçılıq təcrübəsi var. Növbəti yarışın keçirilmə yeri barədə nə deyə bilərsiniz?

- Hər ikisi yaxşı namizəddir. Azərbaycan və Belarus I və II Avropa Oyunlarına ev sahibliyi edib. Düşünürəm ki, bu yarışı da yüksək səviyyədə keçirmək üçün kifayət qədər yaxşı infrastruktur və potensiallı kadrlar var. Bu gün təşkilatçılıqla bağlı bir neçə məqamı - proqram və gender məsələsini müzakirə etdik. Bu, əslində ev sahibi seçminə təsir edə biləcək çox yaxşı təklifdir. Çünki bizə paralimpiya idman növləri üzrə də təkliflər daxil olub. Bu da bizim üçün yenilikdir. Bilirsiniz ki, burada müəyyən şərtlər var. Odur ki, idman növləri ilə bağlı məsələni ətraflı müzakirə edəcəyik. Bu il II MDB Oyunlarının yeri müəyyənləşdiriləcək.

- Gələcəkdə Oyunlar açıq xarakter daşıya bilərmi?

- MDB Oyunlarının Əsasnaməsində yarışın açıq ola biləcəyi nəzərdə tutulur. Hesab edirəm ki, bu gün bizim müəyyən təcrübəmiz var. Sentyabrın 11-də keçiriləcək bağlanış mərasimindən sonra nəticələri ümumiləşdirəcəyik. Yarış iştirakçılarından, əcnəbi idmançılardan hansı təklifləri alacağımıza baxacağıq. Bu məsələ mütləq müzakirəyə çıxarılacaq.

- Medal sıralamasına Rusiya başçılıq edir. Azərbaycan isə Özbəkistandan sonra dördüncü yerdə qərarlaşıb. Sıralama ilə bağlı fikirləriniz necədir?

- Düşünürəm ki, Rusiya növbəti dəfə öz mövqeyini yaxşılaşdıracaq və biz yalnız mükafat toplamayacağıq. Yaxşı, maraqlı mübarizə gedəcək. Açığı, bizim üçün medal qazanmaq elə də önəmli deyil. Bu, daha çox fikir mübadiləsidir. Məşqçilər heyəti müxtəlif ölkələrin yığma komandaları və idmançıları ilə görüşür. Bizə məhz bu fikir mübadiləsi maraqlıdır. İnsanlar hər şeydən öncə bir-biri ilə ünsiyyət qursun, öz təcrübələrini bölüşsünlər.

- MDB ölkələri arasında "Birlik kuboku" adı altında ilk futbol turnirini siz keçirmisiniz. Amma sonradan bu turnir uğursuz alındı. Gələcəkdə MDB Oyunlarının təşkili ilə bağlı da oxşar problemin yarana biləcəyini düşünmürsünüz?

- Futbol komandaları təşkilatçılara dərhal ciddi proqram tətbiq edir. Bu, hazırkı infrastruktur üçün iştirakçı sayının və tələblərin çox olması deməkdir. Bayaq dediyim kimi, bu gün iki təklif aldıq. MDB Oyunlarının proqramına futbol və ya digər idman növlərinin salınmasına dair təkliflər də olsa, baxılacaq.

- Adətən ilk yarış yüksək səviyyədə təşkil olunur. Amma görürük ki, I MDB Oyunlarında təşkilatçılıqla bağlı bəzi problemlər var. Məsələn, biz Rusiyanın idman naziri Oleq Matıtsin və digər rəsmi nümayəndələrin buraya gələcəyini gözləsək də, belə bir hal baş vermədi. Bu, nə ilə əlaqədardır?

- Nazir bu gün səhər burada idi. Dünən iş proqramı çərçivəsində qonaqları qəbul edib, rəsmi qarşılanma mərasimi olub. Bütün gün ərzində tədbirlərdə iştirak edib. Xidməti vəzifəsi ilə bağlı bu gün getməli oldu.

- Gələcəkdə hansı yeni idman növləri MDB Oyunlarının proqramına salına bilər?

- Bu gün bizə bildirildi ki, paralimpiya idman növlərinə maraq var. Düşünürəm ki, aktiv şəkildə inkişaf edən idman növləri, hər şeydən öncə güləş, döyüş növləri proqramda qalacaq. Həmçinin olimpiya proqramına daxil olmayan milli idman növlərini də unutmayacağıq.

- Belə çıxır ki, Azərbaycan II MDB Oyunlarına ev sahibliyi etsə, milli idman növlərinin proqrama salınmasını təklif edə bilər?

- Tamamilə doğrudur.

Son xəbərlər

Orphus sistemi