Bakı. 4 oktyabr. REPORT.AZ/ 2020-ci ildə Qəbələ şəhərində güllə atıcılığı üzrə Dünya Kuboku yarışı keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə qərar Beynəlxalq İdman Atıcılıq Federasiyasının (ISSF) İcra Komitəsi iclasında qəbul olunub. Toplantıda 2020-ci ildə keciriləcək Dünya Kubokları üçün nəzərdə tutulmuş şəhərlər təsdiqlənib və yekun siyahıda Qəbələ də yer alıb.
Dünya Kubokunda 70-dən artıq ölkədən 600-ə yaxın idmançının iştirakı gözlənilir. Onlar arasında dünyanın tanınmış atıcıları, dünya və Avropa çempionları, olimpiya mükafatçıları olacaq.
Yarışın 2020-ci Tokio Yay Olimpiya Oyunlarından əvvəl, may- iyun aylarında keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycan 2014-ci ildən etibarən atıcılıq növləri üzrə Dünya Kuboku, Avropa çempionatı və digər böyük beynəlxalq tədbirlərə ev sahibliyi edib.