Prezident İlham Əliyevin müəyyənləşdirdiyi hədəflər: İdman uğurları və kütləvilik - RƏY
- 27 dekabr, 2019
- 09:05
Azərbaycan Respublikasının və Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev dekabrın 25-də Milli Olimpiya Komitəsində (MOK) 2019-cu ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışı zamanı bir sıra məqamlara toxunub.
Dövlət başçısı çıxışında iki məsələyə diqqət çəkib. Bunlardan birincisi Azərbaycanın idman nailiyyətləridir ki, bura il ərzində “Formula 1”, UEFA Avropa Liqasının final oyunu kimi bir sıra mühüm idman yarışlarına ev sahibliyi etməsi, AVRO-2020-nin 4 oyununun Bakıda keçiriləcəyi, idmançıların beynəlxalq yarışlarda uğurlarıdır. Digər məsələ isə ölkədə idmanın kütləviliyinə nail olunmasıdır. Prezident İlham Əliyev bununla bağlı tövsiyə və tapşırıqlarını verib.
Onun sözlərinə görə, mayın 29-da İngiltərənin "Çelsi" və "Arsenal" klubları arasındakı UEFA Avropa Liqasının final matçı Bakı Olimpiya Stadionunda (BOS) yüksək səviyyədə təşkil olunub. Dövlət başçısı bildirib ki, hətta Çempionlar Liqasının final oyunları bəzi şəhərlərdə bu səviyyədə keçirilmir. BOS-un direktoru Cavid Qarayev “Report”a bildirib ki, geniş miqyaslı tədbirlərin keçirilməsi təşkilatçılar üçün böyük məsuliyyətdir: “Cənab Prezident İlham Əliyevin Azərbaycanda idman sektoruna xüsusi diqqətini qeyd etmək istəyirəm. O, stadionun, əməliyyat və təşkilat komitələrinin, dövlət qurumları və strukturlarının əməkdaşlarının, könüllülərin və azarkeşlərin böyük bir komanda şəklində birgə əməyini yüksək qiymətləndirdi. Ölkə idmanının inkişafının müasir simvolu olan BOS dövlət başçısının təşəbbüsü ilə inşa edilib və bu gün regionun arenaları arasında liderdir. Şübhəsiz ki, UEFA Avropa Liqasının finalı, "Bakı 2015" I Avropa Oyunları, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları, futbol komandaları və klubların beynəlxalq oyunları kimi geniş miqyaslı tədbirlərin keçirilməsi təşkilatçılar üçün böyük məsuliyyətdir, eyni zamanda paytaxt sakinləri və qonaqları üçün bir bayramdır. Bu rəngarəng layihələrin bir hissəsi olmaqdan qürur duyuruq”.
2020-ci ildə Avropa çempionatının 4 oyunu Azərbaycanda gerçəkləşəcək. İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.
C.Qarayev bu matçlara ciddi hazırlaşdıqarını vurğulayıb: “Gələn il bizi daha bir parlaq hadisə gözləyir. AVRO-2020-nin 4 oyununa ev sahibliyi edəcəyik ki, bu da məsuliyyətin dördqat artacağını göstərir. Təşkilatçılıq səviyyəsinin yüksək qalması üçün əlimizdən gələni əsirgəməyəcəyik və 12 təşkilatçı şəhərdən biri kimi Bakının ən yaxşı olmasını təmin edəcəyik”.
Prezident İlham Əliyev çıxışında "Formula 1" üzrə Azərbaycan Qran-prisinin ölkə üçün faydalarından da danışıb. O, Bakıda 2016-cı ildən bəri keçirilən yarışın böyük iqtisadi dividendlər gətirdiyini söyləyib. Azərbaycan Qran-prisinin təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai “Report”a açıqlamasında Azərbaycan Qran-prisindən əldə olunmuş gəlirləri açıqlayıb: "Cənab Prezidentin çıxışı bizim üçün çox ruhlandırıcıdır. Göstərilən etimadı doğrultmağa çalışırıq. Əməkdaşlıq etdiyimiz PwC audit şirkəti 2016-cı və 2017-ci illərdə Bakıda keçirilmiş “Formula 1” yarışları ilə bağlı hesabat hazırlamışdı. Həmin hesabata əsasən, bu iki yarış Azərbaycan iqtisadiyyatına ümumilikdə 277,3 milyon dollar gəlir gətirib. Hazırda son 2 Qran-prinin gətirdiyi effekti ölçmək üçün əməkdaşlığımız davam edir. Nəticələr məlum olandan sonra ictimaiyyətə açıqlayacağıq. “Formula 1”in ölkəyə gətirdiyi fayda ildən-ilə çoxalır. Bu, həm birbaşa, həm də dolayı yolla olan gəlirlərdir. Bu işdə turizm əsas sektorlardan biridir. Çünki “Formula 1” digər ölkələrin də həyata keçirdiyi uzunmüddətli layihədir. “Formula 1”lə 2023-cü ilə qədər uzatdığımız sözləşməyə əsasən potensial olaraq qazana biləcəyimiz əlavə 50 milyon dollar var. Bu, ölkəmizin sponsorlar və digər mənbələrdən əldə edə biləcəyi gəlirdir”.
Kütləviliyə gəldikdə, Prezident İlham Əliyev konkret istiqamətləri də açıqlayıb. Onlardan biri idman qurğularından səmərəli istifadəni nəzərdə tutur. Şamaxı Olimpiya Kompleksinin direktoru Səbuhi Qarayev “Report”a açıqlamasında il ərzində 28 kütləvi tədbir keçirdiklərini xatırladıb. Məhz bu səbəbdən, İdman Araşdırmalar Mərkəzinin xüsusi mükafatına layiq görüldüklərini vurğulayan S.Qarayev 2020-ci ildə belə tədbirlərin sayını artırmağı hədəflədiklərini diqqətə çatdırıb: "Bir neçə federasiya mütəmadi olaraq təlim-məşq toplanışını bizim kompleksdə keçirir. Bir neçə futbol klub kiçik yaş qruplarının və əvəzedici komandalarının hazırlıq proseslərini bizə etibar edir. Bəzi federasiyaların region yarışlarına da evsahibliyi etmişik. Bunların hamısı növbəti ildə də davam etdiriləcək".
Direktor dövlət başçısının çıxışından sonra tanınmış idmançıları Şamaxı Olimpiya Kompleksinə dəvət etməyi düşündüklərini də dilə gətirib: “Düşünürük ki, kompleksdə ölkənin bir neçə tanınmış idmançısının master-klaslarını təşkil edək. Həmin vaxt Şamaxı məktəblilərini, kiçik yaşlı idmançıları və idman ictimaiyyətini cəlb edəcəyik. Müxtəlif yığma komandalardakı tanınmış idmançılarla görüşlər, usta məşqləri keçirməyi planlaşdırırıq. Bunu təqvim planına daxil edəcəyik".
Kompleksin direktoru rayon çempionatlarını da yüksək səviyyədə qəbul etməyə hazır olduqlarını bildirib: “Prezidentimiz çıxışında qeyd etdi ki, ölkədə rayon yarışları da keçirilməlidir. Rayon çempionatların yerli Gənclər və İdman İdarəsi təşkil edir. Bizdə belə bir səlahiyyət yoxdur. Biz kompleksimizdə fəaliyyət göstərən idman növləri üzrə açıq birinciliklər keçiririk. Yaxın rayonlardan, hətta Bakıdan bir neçə komandanı dəvət edirik. Bu, taekvondo, cüdo və güləş idman növlərində hər il keçirilir. Biz “Qəbələ” İdman Klubu ilə əlaqəli şəkildə işləyirik. Həmin klubun aşağı yaş qruplarının, Şamaxıdan olan və Bakıdan dəvət edilən futbolçuların iştirakı ilə yerli turnirlər təşkil edirik. Bütün növlər üzrə rayon çempionatlarını idman qurğumuzda təmannasız keçirməyə hazırıq”.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov isə "Report"a açıqlamasında Prezident İlham Əliyevin bir neçə məqamı xüsusilə vurğuladığını, tövsiyə və tapşırıqlarını verdiyini bildirib: “Dövlət başçısı çıxışında Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin Azərbaycanda keçirilən yarışları və ölkədə kütləvi bədən tərbiyəsi sahəsindəki işi yüksək qiymətləndirdiklərini vurğuladı. O, beynəlxalq idman strukturlarının Azərbaycanı digər ölkələrə nümunə göstərdiklərini söylədi. Təsadüfi deyil ki, Azərbaycan idmançıları il ərzində beynəlxalq yarışlarda 775 medal qazanıblar. Bunların da 271-i qızıldır və bu, çox yüksək əyarlıdır. Cənab Prezident şahmatçılarımızın uğurlarından danışarkən, Teymur Rəcəbovun bu il Dünya Kubokunun qalibi olmasına, qadınlardan ibarət yığmanın Avropa çempionatında bürünc medal qazanmasına və yeniyetmələrdən ibarət komandanın Ümumdünya Şahmat Olimpiadasında 1-ci yeri tutmasına diqqət çəkdi. Dövlət başçısı idmanın vətənpərvərlik hisslərinin artırılması, milli ruhun yüksəldilməsi üçün çox vacib vasitə olduğunu bildirdi. Prezident İlham Əliyev ölkə vətəndaşlarına müntəzəm olaraq idmanla məşğul olmağı, sağlam həyat tərzi sürməyi tövsiyə etdi. Bu, bizim genefondumuz üçün çox vacibdir. O, özünün də daim idmanla məşğul olduğunu dedi”.
R.Abbasov Azərbaycan vətəndaşlarının kütləvi şəkildə idmanla məşğul olmaları üçün hər cür şəraitin yaradıldığını söyləyib: “Buna “Abad məhəllə” layihəsini misal göstərmək olar. Bir çox ictimai istirahət zonalarının abadlaşdırılması idmanda kütləviliyin təmin olunması baxımından əyani sübutdur. Bu gün idmanın maddi-texniki bazası yüksək səviyyədədir. Ölkədə 45 Olimpiya Kompleksi fəaliyyət göstərir. Yardımlı və Tərtər rayonlarında Olimpiya Kompleksləri açılmaq üzrədir. Goranboy və Neftçalada isə sözügedən idman obeyktlərinin tikintis davam edir. Tanınmış idmançılara, Gənclər və İdman Nazirliyinə, MOK-a, klub və cəmiyyətlərə tövsiyyə edildi ki, sağlam həyat tərzinin təbliğatı üçün maarifləndirmə işinə də qoşulsunlar və kütləviliyin təmin edilməsi üçün əllərindən gələni etsinlər. Prezident tapşırdı ki, 2 Dövlət Proqramı hazırlansın, onların üzərində iş aparılsın. Onlardan biri kütləviliyin təminatı, digəri isə regionlarda, ucqar kəndlərdə vətəndaşların asudə vaxtlarının təminatı ilə əlaqədar idman yarışlarının keçirilməsi ilə bağlıdır. Bu da olduqca vacibdir. Məhz bu işlərdən sonra seleksiya işlərimiz güclənəcək”.
R.Abbasov 2020-ci ildən etibarən il ərzində “Abad məhəllə” layihəsi çərçivəsində keçirilən yarışların sayını 4-dən 6-ya çatdırmaq istədiklərini bildirib: “Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında il ərzində 4 mövsüm üzrə “Abad məhəllə”lərdə bir neçə idman növü üzrə yarışlar təşkil edirik. Yarışlar 2 mərhələdən ibarət olur. Əvvəlcə paytaxtın 12 inzibati rayonundan 11-də ilkin mərhələ olur. Qaliblər isə finala vəsiqə qazanırlar. Gənclər və İmdan Nazirliyinin dəstəyi və Könüllülərin iştirakı ilə 9 idman növü üzrə yarışlar olur. Bunun çox böyük effekti var. Bu, həm məhəllədə sağlam mühitin formalaşmasına, yeniyetmə və gənclərin pis vərdişlərdən uzaq olmalarına şərait yaradır, həm də seleksiya işinə töhfə verərək, əhalinin böyük marağına səbəb olur. 2020-ci ildən yarışların sayını 6-ya çatdırmaq istəyirik. Onların əksəriyyəti parkların ərazisində olacaq. Açıq havada mövsümi yarışlar olacaq. Ümidvarıq ki, oxşar yarışlar rayonlarda, ucqar kəndlərdə də keçiriləcək və maraqla qəbul olunacaq. İdmanla məşğul olmaq həm sağlamlıqdır, həm də insanların asudə vaxtlarının səmərəli keçirilməsi baxımından önəmlidir. Bu cür tədbirlər insanların pis vərdişlərdən, narkomaniyadan, siqaretdən uzaq durmalarına təkan verir”.
Baş İdarə rəisi Azərbaycanda keçirilmiş beynəlxalq yarışların ölkə üçün iqtisadi dividentlər gətirməsinə də diqqət çəkib: “Dövlət başçısı tədbirdə bildirdi ki, bədii gimnastika üzrə dünya və Avropa çempionatları, “Formula 1” üzrə Azərbaycan Qran-prisi, UEFA Avropa Liqasının final oyunu və digər beynəlxalq yarışların keçirilməsi ölkəmizə turistlərin cəlb edilməsi, maliyyə resurslarının artırılması və Azərbaycanın tanıtımı üçün çox vacibdir. İlham Əliyev 2019-cu ildə Azərbaycana 3 milyon turistin gəldiyini və “Formula 1”in Bakıda keçirilməsinin ildən-ilə əcnəbi qonaqların sayının artmasına, daha çox sərmayənin gəlməsinə yol açdığını söylədi. 2020-ci ildə də Azərbaycanda bir neçə irimiqyaslı idman yarışı keçiriləcək. Avropa çempionatının 4 oyununun Bakıda keçirilməsi və “Formula 1”in təşkili ölkəyə daha çox turistin axın etməsinə səbəb olacaq. Bunun üçün aidyyatı strukturlara xüsusi göstərişlər verilib. Bütün qurumlar bu tədbirlərin yüksək səviyyədə təşkil olunması üçün əllərindən gələni etməlidirlər”.