İtaliyalı avarçəkən Cakomo Perini qayığından tapılan mobil telefona görə Paris Paralimpiya Oyunlarının bürünc medalından məhrum edilib.
"Report" xəbər verir ki, bu barədə İtaliya Avarçəkmə Federasiyası məlumat yayıb.
28 yaşlı Perini PR1 kateqoriyasında finiş xəttini 3-cü pillədə başa vursa da, yarışın sonunda çantasından telefon tapılıb. Qaydalara əsasən, avarçəkənlərə qayıqda rabitə vasitələri saxlamaq qadağandır.
İtaliya federasiyası Perininin startdan əvvəl cihazı götürməyi unutduğunu və yarış zamanı ondan istifadə etmədiyini bildirib. Hakimlərin qərarından apellyasiya şikayəti verilsə də, təmin edilməyib. İtaliya Avarçəkmə Federasiyası qərardan Beynəlxalq Avarçəkmə Federasiyasına şikayət etmək niyyətindədir.
Qeyd edək ki, Perinin nəticəsi ləğv edildikdən sonra avstraliyalı Erik Horri bürünc medala sahib olub.