Tokio-2020 Yay Olimpiya Oyunlarında çempion olmuş softbol üzrə Yaponiya millisinin üzvü Miu Qotonun medalını dişləyən Naqoya şəhərinin meri Takasi Kavamura özünü cəzalandırmaq qərarına gəlib.
"Report" xəbər verir ki, o, bu məqsədlə məvacibinin kəsilməsini təklif edib. Öz hərəkətindən peşman olan Kavamura 3 aylıq maaşından imtina etməyə hazır olduğunu bildirib.
Şəhər merinin sözügedən təklifi sentyabrda parlamentə göndərəcəyi gözlənilir.
Qeyd edək ki, Miu Qoto yarışdan sonra yaşadığı Naqoya şəhərinə qayıdıb. Takasi Kavamura qarşılama mərasimində 20 yaşlı idmançının medalını öz boynundan asaraq, onu dişləyib və şəkil çəkdirib.
Bundan başqa, Kavamura qadın idmançının ünvanına yersiz ifadələr işlədib və onunla romantik münasibət qurmağın mümkün olub-olmadığını soruşub. Bundan sonra Naqoya meriyasına şəhər rəhbərinin hərəkətləri ilə bağlı 7 mindən çox şikayət daxil olub. O, pandemiya zamanı karantin qaydalarını pozmaqda, eləcə də təcavüzdə ittiham olunurdu.