Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayevin "Report"a müsahibəsi.
- Olimpiadaya az vaxt qalıb. Hər zaman olduğu kimi, azarkeşlərin əsas ümidi bəzi idman növləri ilə yanaşı, həm də güləşçilərimizədir. Artıq 8 lisenziyamız var. Bunu uğurlu nəticə saymaq olar?
- Bildiyiniz kimi, ilk lisenziya yarışı ötən ilin sentyabrında Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatı idi. Mundialda yunan-Roma güləşində 2, sərbəst güləşdə isə 1 lisenziya qazandıq. 5-7 apreldə Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində isə sərbəst güləşdə Paris-2024-ə beş vəsiqə əldə etdik. Baxmayaraq ki, bu say Tokio-2020 Yay Olimpiya Oyunlarına qazandığımız lisenziyalardan çoxdur, lakin biz bununla kifayətlənməməliyik. Sərbəst güləşdə Rio Olimpiadasından sonra Olimpiya Oyunlarında yenidən tam heyətlə təmsil olunacağıq. Əlbəttə, bu, bizi qürurlandırır. Ancaq bununla kifayətlənmək istəmirik. Parisə daha çox güləşçi ilə yollanmağı hədəfləmişik.
- Yeri gəlmişkən, Bakı ilk dəfə Avropa Olimpiya Təsnifat turnirinə ev sahibliyi etdi. Dünya Güləş Birliyi (UWW) təşkilatçılığı necə qiymətləndirdi?
- Ölkəmiz istənilən idman növündə nüfuzlu yarışları həssaslıqla keçirir. Bu dəfə də istisna olmadı. Ali güləş qurumunun rəsmiləri etiraf etdi ki, bu yarış çox yüksək səviyyədə təşkil olunmuşdu. Milli Gimnastika Arenasında əla atmosfer yaradılmışdı. Fürsətdən istifadə edib, güləşçilərimizi canlı dəstəkləyən bütün azarkeşlərə təşəkkürümüzü bildiririk. Ümid edirik ki, 20-26 mayda Bakı İdman Sarayında keçiriləcək U-23 Avropa çempionatında da eyni ab-havanı yaşayarıq. Artıq bu yarışın da təşkilati işlərinə start verilib.
- Dünya Güləş Birliyi (UWW) Avropa Olimpiya Təsnifat turniri çərçivəsində aprelin 7-də sərbəst güləş üzrə 74 kq-da Turan Bayramov və Frank Çamizo arasında keçirilmiş yarımfinal görüşünün idarəçiliyi ilə bağlı qərar çıxarıb. Bu haqda nə deyə bilərsiniz?
- Hər şeydən əvvəl xüsusi vurğulamaq istərdim ki, həm UWW-nin prezidenti Nenad Laloviç, həm İtaliya Güləş Federasiyasının prezidenti Domeniko Falkone Azərbaycan Güləş Federasiyasına bu yarışın yüksək səviyyədə, bütün standartlara uyğun olaraq təşkil edilməsi ilə bağlı təşəkkür məktubları ünvanlayıblar. İtaliya Güləş Federasiyasından bizə heç bir şikayət və ya etiraz daxil olmayıb. Tam əksinə, İtaliya Güləş Federasiyası Frank Çamizonun bəyanatının şəxsi xarakter daşıdığını və İtaliya Güləş Federasiyasının mövqeyini əks etdirmədiyini bildirib. İtaliya Güləş Federasiyasının Dünya Güləş Birliyinə ünvanladığı bəyanatı isə hakimliyə aid texniki məsələlərlə bağlı idi. Biz italiyalı həmkarlarımız və Dünya Güləş Birliyi ilə münasibətlərimizi yüksək qiymətləndiririk və bu məsələnin əlaqələrimizə xələl gətirmədiyini qeyd etmək istərdim. Bildiyiniz kimi, görüşün nəticəsi UWW-nin hazırladığı Beynəlxalq Güləş Qaydalarının 53-cü maddəsinə görə öz qüvvəsində qaldı və xalça üzərində qalib elan edildikdən sonra görüşün nəticəsi dəyişdirilə bilməz. Bu səbəbdən Turan Bayramovun həmin görüşdəki qələbəsi və Paris-2024 Olimpiadasına lisenziyası təsdiqlənib. Ancaq həmin qarşılaşmanın hakimliyi Beynəlxalq Güləş Qaydalarının 22-ci maddəsinə əsasən, yenidən qiymətləndirilib və bəzi hakimlər işində yol verdiyi nöqsanlara görə sanksiyaya məruz qalıblar. Müstəsna məsuliyyəti UWW daşıyır və biz bu qərara hörmətlə yanaşırıq.
- Frank Çamizonun məlum ittihamının araşdırılmasıyla bağlı son vəziyyət necədir?
- Məlum olduğu kimi, idman prinsiplərinin pozulması iddiaları ilə bağlı Azərbaycan Güləş Federasiyasının müraciəti UWW tərəfindən qəbul edilib və Birliyin İntizam Palatası araşdırmalara start verib. Güman edirəm ki, araşdırmalar başa çatdıqdan dərhal sonra UWW müvafiq qərar verəcək və bizim də diqqətimizə çatdıracaq. Mütləq qeyd etməliyəm ki, Azərbaycan Güləş Federasiyası hər zaman “Fair Play” prinsiplərinə sadiqdir. Biz UWW-nin qanununa və reqlamentlərinə uyğun olaraq, təmiz adımızı qorumaq üçün digər tədbirlər görmək hüququmuzu özümüzdə saxlayırıq.
- Komandalarımızın sonuncu lisenziya yarışına hazırlığı hansı səviyyədədir və İstanbulda hansı nəticəyə ümid edə bilərik?
- Avropa Olimpiya Təsnifat turniri başa çatdıqdan az sonra hər 3 millimiz Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başladı. İki həftəlik hazırlıq prosesində ABŞ-dən dəvət etdiyimiz fiziki hazırlıq üzrə mütəxəssis Mark Alan Filippinin nəzarəti altında fiziki gücün və dözümlülüyün artırılması yönündə intensiv məşqlər keçirildi. Sonuncu toplanış Bakıda baş tutacaq. Federasiyanın təlim-məşq bazasında taktiki-texniki çalışmalara üstünlük veriləcək. 9-12 may tarixlərində İstanbulda təşkil ediləcək Dünya Olimpiya Təsnifat turnirində mümkün qədər çox lisenziya qazanmağı hədəfləyirik.