"Ümid edirəm ki, Azərbaycan boksçuları ilk dəfə olimpiadadan qızıl medal gətirəcəklər".
Bunu "Report"a açıqlamasında kişi boksçulardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev deyib.
Təcrübəli mütəxəssis Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanmağı çox istədiklərini bildirib: "Amma çətin olduğunu bilirik. Bu dəfə də arzumuz böyükdür. Qızıl medalı hədəfləyirik. Parisdə iki və ya üç medal əldə edə bilərik".
Abdullayev mötəbər turnirə kimlərin lisenziya qazana biləcəyini əvvəlcədən deməyin çətin olduğunu söyləyib: "Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) iştirakı təmin ediblər. Digər uşaqlar da pis deyillər. Lisenziya xarakterli turnirə qatılacaqlar və bir neçəsindən uğurlu çıxış gözləyirik. Bütün boksçularımıza ümid bəsləyirik".
Baş məşqçi ABŞ-dəki təlim-məşq toplanışından da danışıb: "Yerli komanda ilə birlikdə hazırlıq prosesində iştirak etdik. Məşqlər pis keçmədi. Bunun komandaya böyük xeyiri dəyəcək. Texniki və taktiki məşqlərdən başqa, sınaq döyüşləri də oldu. ABŞ yığması heç də zəif deyil. Buna baxmayaraq, boksçularımız da pis təsir bağışlamadılar. Bütün çatışmazlıqları burada üzə çıxardıq. Yığma üzvlərinin durumları pis deyil. Bəzilərinin 1 və ya 1,5 kq artıq çəkisi var. Hələ vaxtımız çoxdur. Bütün bunlar qaydaya düşəcək".