Naxçıvan şəhərində kross qaçışı üzrə yarış keçirilib

Naxçıvan şəhərində kross qaçışı üzrə yarış keçirilib Naxçıvan şəhərində 28 May – Müstəqillik Gününə həsr olunmuş 5500 metr məsafəyə kros qaçışı üzrə yarış keçirilib.
Fərdi
24 May , 2024 15:50
Naxçıvan şəhərində kross qaçışı üzrə yarış keçirilib

Naxçıvan şəhərində 28 May – Müstəqillik Gününə həsr olunan 5500 metr məsafəyə kross qaçışı üzrə yarış keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil olunan kütləvi idman tədbirində müxtəlif yaş kateqoriyalarına mənsub 700-dən çox insan iştirak edib.

İştirakçılar Naxçıvan Mərkəzi Xəstəxanasının önündəki start xəttindən başlayaraq Əziz Əliyev və Cəlil Məmmədquluzadə küçələri ilə hərəkət edərək finişə – Heydər Əliyev Prospektində yerləşən Zəfər Parkınadək olan məsafəni qət ediblər.

“Atletlər” kateqoriyasında Əmrah Nağıyev və Nilufər Quliyeva, “həvəskarlar” kateqoriyasında isə Mahir İbrahimovla Nurgül Seyidli birinci olublar. İlk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar. Həvəsləndirici yer sahibləri və nominasiya qalibləri fəxri fərmanla təltif ediliblər.

Mükafatları Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin humanitar və sosial məsələlər üzrə məsul şəxsi Tükəzban Quliyeva, gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov, ekologiya və təbii sərvətlər naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Xanlar Mustafayev, şəhid anaları və “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Ceyhun Bayramov təqdim ediblər.

Qeyd edək ki, kross qaçışının təşkilində məqsəd insanların sağlam həyat tərzinə yönəldilməsinə, ekosistemin qorunmasına və idmanın əhali arasında təbliğinə töhfə verməkdir.

Son xəbərlər

Orphus sistemi