Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən “Naxçıvan marafonu-2023” keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, yarışda iştirak üçün ümumilikdə 2 500 nəfər qeydiyyatdan keçib. Yarışda həmçinin dövlət qulluqçuları, hərbçilər, mədəniyyət və incəsənət adamları, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, idmançılar, paralimpiyaçılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Muxtar respublikada fəaliyyət göstərən 60-dan çox təşkilat və şirkətin təmsilçiləri də yarışa qoşulub
Olimpiya İdman Kompleksinin qarşısından Uzunoba gölü ətrafınadək əhatə edən marşrut boyu hər iki kilometrdən bir yaradılmış yardım məntəqələri marafonçuları su və ilkin tibbi yardımla təmin edib.
Yarışın fan zonası finiş nöqtəsində - “Marafon party” təşkil olunub. Burada iştirakçılar üçün xüsusi proqramlar, hədiyyəli oyunlar və sərin içkilər təqdim edilib.
Sonra “Naxçıvan marafonu-2023”ün qaliblərinin mükafatlandırma mərasimi olub. İlk olaraq Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qaliblər iki kateqoriya – kişi və qadınlar üzrə müəyyən olunub. Kişilər üzrə 1-ci yerin qalibi Əmrah Nağıyev, 2-ci yerə Mahir İbrahimov, 3-cü yerə isə Abbas Allahverdiyev, qadınlar üzrə 1-ci yerin qalibi Aysu Abbasova, 2-ci yerin qalibi Sevinc Əliyeva, 3-cü yerin qalibi isə Zeynəb Babayeva olub. Kateqoriyaların hər birində ilk yerin sahibləri 1 000, ikinci yeri tutanlar 500, üçüncü yerə çıxanlar isə 300 manat məbləğində mükafatla təltif ediliblər. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı, təhsil naziri, Altletika Federasiyasının sədri Rəhman Məmmədov və digər şəxslər təqdim ediblər.






