Moldovanı təmsil edən azərbaycanlı cüdoçu: Yarışdan öncə üzərimdə böyük məsuliyyət var idi

Moldovanı təmsil edən azərbaycanlı cüdoçu: Yarışdan öncə üzərimdə böyük məsuliyyət var idi Yarışdan öncə üzərimdə böyük məsuliyyət var idi.
Fərdi
2 Avqust , 2024 19:49
Moldovanı təmsil edən azərbaycanlı cüdoçu: Yarışdan öncə üzərimdə böyük məsuliyyət var idi

Yarışdan öncə üzərimdə böyük məsuliyyət var idi.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının cüdo yarışlarını bürünc medalla başa vuran Adil Osmanov deyib.

Əslən azərbaycanlı olan Moldova təmsilçisi Paris olimpiadasında ona dəstək olan hər kəsə öz təşəkkürünü bildirib:

"Mənim qalib gəlməyimi istəyən hər kəsə öz təşəkkürümü bildirirəm. Yarışdan öncə üzərimdə böyük məsuliyyət var idi. Çünki həm Azərbaycan, həm də Moldova xalqı məni dəstəkləyirdi. Ən çətin yarışlarımdan birini keçirdim. Görüşdən bir gün əvvəl özümü halsız hiss edirdim və gecəni yata bilməmişdim. Narahat olmayım deyə həkimlər temperaturumun yüksək olduğunu söyləməmişdilər. Düşünürdüm ki, yalnız bir qarşılaşma keçirə bilərəm. Lakin mərhələ adladıqca mənim üçün hər şey asanlaşmağa başladı".

A.Osmanov bu yarışın onun üçün xüsusi önəm daşıdığını söyləyib:

"Ötən il atam vəfat etdi. Onun arzusu idi ki, övladlarından biri olimpiadada iştirak etsin. Çox şadam ki, bu reallaşdı və mən yarışı medalsız başa vurmadım. Mən atamın qəbrini ziyarət edərkən ona olimpiadada iştirak etdiyimi və bürünc medal qazandığımı söyləyəcəyəm".

Qeyd edək ki, atası azərbaycanlı olan Adil Osmanov Paris-2024-ün cüdo yarışlarının üçüncü yer uğrunda görüşündə Manuel Lombardoya (İtaliya) qalib gələrək bürünc mükafat qazanıb.

Son xəbərlər

Orphus sistemi