Mahir Məmmədov: "İdmanda sifarişlə qələbə qazanmaq olmur"

Mahir Məmmədov: "İdmanda sifarişlə qələbə qazanmaq olmur" "Kişi şahmatçılarımız ümidlərimizi çox vaxt doğrultmayıb"
Fərdi
31 Avqust , 2016 12:46
Mahir Məmmədov: İdmanda sifarişlə qələbə qazanmaq olmur

Bakı. 31 avqust. REPORT.AZ/ "Şahmat olimpiadaları tarixində Bakı Kristal Zalı kimi gözəl qurğuda yarış keçirilməyib. Bu, doğrudan da çox unikal qurğudur".

"Report"un məlumatına görə, bunu Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov deyib.

O bildirib ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi 2013-cü il fevralın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılıb. Komitəyə ilk gündən baş nazirin I müavini Yaqub Eyyubov rəhbərlik edir. 

Olimpiadanın təşkilatçılığı ilə bağlı görülən işlərdən danışan M.Məmmədov 14 gün davam edəcək yarışda 176 ölkənin iştirak edəcəyini bildirib: "Olimpiada ərəfəsində FİDE-nin Konqresi keçiriləcək. Bu zaman ölkələrin sayı 183 olacaq. Artıq qonaqlar Bakıya gəlməkdədir. Bizim əməkdaşlar onları qarşılayır və müəyyən edilmiş 12 hoteldə yerləşdirilir. Viza problemi çox çətin məsələ idi. Ancaq ölkə Prezidentinin sərəncamı ilə bu sistem asanlaşdırıldı. Nəticədə qonaqların viza məsələlərində heç bir problemləri olmadı. Hotellərdə qidalanmaya da diqqət edirik. Yarışın keçiriləcəyi məkanda mühafizə yüksək səviyyədə təşkil olunub. Könüllülərin sayı 500-dən artıqdır. Hər kəsi sabah keçiriləcək Açılış Mərasiminə dəvət edirik". 

Sentyabrın 2-dən isə ilk tur start götürəcək. M.Məmmədov Azərbaycan yığmasına Olimpiadada uğurlar arzulayıb: "Təşkilat Komitəsinin üzvü kimi bütün strukturlara, gecə-gündüz işləyən hər kəsə minnətdarlığımızı bildiririk. İdmanda sifarişlə qələbə qazanmaq olmur. Şahmatın da spesifik xüsusiyyətləri var. 2008-ci ildə Bakıd keçirilmiş Qran Pridə Vüqar Həşimov birinci olmuşdu. Sonuncu "Şəmkir Chess"də Şəhriyar Məmmədyarov qalib gəlib. Hər 3 komandamızın uğurlu çıxış edəcəyinə inanırıq. Daha öncə Norveçin Trömse şəhərində keçirilmiş Olimpiadada yığma komandalarımız müəyyən dövr birinci oldu. Bu olimpiadada isə ilk üçlüyə çıxmaq şansımız var. Qadınlara da böyük ümid bəsləyirik. İnanırıq ki, qadınlardan ibarət yığma komandamız öz reytinqindən yüksək nəticə əldə edəcək".

Federasiyanın vitse-prezidenti şahmatçıların kənardan kömək almasının mümkünsüzlüyünü qeyd edib: "Müasir şahmatın böyük bir problemi var ki, bu da kənardan məlumat almaqdır. Bunun qarşısını almaq üçün böyük işlər görülür. Biz də FİDE-nin tələblərinə uyğun lazımi işləri görmüşük. Təhlükəsizlik xidmətinin əməkdaşları da bu baxımdan təlimatlandırılıb. Şahmatçıların hər hansı bir elektron avadanlıq, dəftər, saat və digər bu kimi əşyalarla zala daxil olmaq qadağandır. Xüsusi avadanlıq alınıb və Bakıya gətirilib. Zalda digər tezlikli dalğaların tutulması ilə bağlı işlər aparılacaq. Hətta qonaqlardan da telefonlar alınacaq. Bütün iştirakçılar FİDE ilə razılaşdırılmış şəkildə qeydiyyatdan keçib. Pakistan yığması ilə bağlı müəyyən problemlər vardı. Bu səbəbdən idmançıları FİDE-nin fikirlərinə uyğun qəbul etdik".

O, idmançılara psixoloji təzyiq göstərməyin lazım olmadığını deyib: "Həddən artıq medal istəyini qeyd etməyə ehtiyac yoxdur. Çünki şahmatçılar özləri də bunu bilir. Onlar silsilə təlim-məşq toplanışları keçdilər. Komandaya "birinci yer, birinci yer" deyərək, psixoloji təzyiq yaratmayaq. Qadınlardan ibarət komandanın bölünməsinə də çox ciddi yanaşdıq. İkinci komandaların birincilərdə geri qalmamasını gözləyirik. Daxili rəqabət var, amma dostluq münasibətləri qorunur. Qadınlar çox vaxtı ümidləri doğruldub. Amma kişilər ümidlərimizi çox vaxt doğrultmayıb".

M.Məmmədov əslən bakılı dünya çempionu Harri Kasparovun Azərbaycan paytaxtına gələ bilməyəcəyini də bildirib. Buna səbəb onun FİDE tərəfindən fəaliyyətinin məhdudlaşdırmasıdır. Ali şahmat qurumunun reytinq siyahısında "10-luğ"a düşən şahmatçılardan isə Olimpiadada yalnız 2-si iştirak edə bilməyəcək.

Son xəbərlər

Orphus sistemi