Mahir Məmmədov: "Naxçıvan - Azərbaycan çempionatı üçün çox gözəl məkandır"

Mahir Məmmədov: "Naxçıvan - Azərbaycan çempionatı üçün çox gözəl məkandır" FIDE-də 8-ci yeri Teymur Rəcəbova vermək meylliliyi var
Fərdi
29 Aprel , 2021 17:26
Mahir Məmmədov: Naxçıvan - Azərbaycan çempionatı üçün çox gözəl məkandır

Azərbaycan Şahmat Federasiyasının və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədovun "Report"a müsahibəsi

- Naxçıvanda şahmat üzrə Azərbaycan çempionatı keçiriləcək. Yarışda mayın 4-dən 18-dək kişilər, 20-dən 31-dək qadınlar mübarizə aparacaqlar. Əvvəlcə yarışla bağlı ətraflı məlumat verməyinizi istərdik. Məsələn, mükafat fondu nə qədər olacaq?

- Əvvəlki illərdən fərqli, mükafat fondu yaxşı olmalıdır. Təşkilatçı Azərbaycan Şahmat Federasiyası ilə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasıdır. Yarışı keçirmək üçün ölkənin müvafiq orqanlarından icazə alınıb. Oyunlar qapalı məkanda keçiriləcək. Hər bir iştirakçı, hakim test cavabları bilindikdən sonra yarışa buraxılacaq. Analiz nəticələri olmadan Naxçıvana daxil olmaq mümkün deyil. Bildiyimizə görə, orada maska rejimi yoxdur. Buna görə də şahmatçılar maskasız oynayacaqlar. Dünən başa çatan İddiaçılar Turniri də maskasız keçirildi. Artıq dünyada şahmat oyunları canlanmağa, dirilməyə başlayır. Azərbaycan çempionatında 12 kişi, 12 qadın şahmatçı iştirak edəcək. Turnir əvvəlcə dairəvi sistemlə keçiriləcək. Hər iştirakçı bir-biri ilə oynayacaq. Sonra ilk 4 yer nokaut sistemi ilə qalibi müəyyənləşdirəcək. Azərbaycan çempionlarına dünya kuboklarında iştirak hüququ veriləcək. Azərbaycan Şahmat Federasiyası bunu, demək olar ki, FIDE ilə birlikdə müəyyənləşdirib.

- İştirakçılar arasında tanınmış şahmatçılar da var?

- Qadınların heyətini bilmirəm. Amma kişilərin heyətində Nicat Abbasov, Eltac Səfərli və Vasif Durarbəyli kimi şahmatçılar var.

- Bu yarış üçün niyə məhz Naxçıvan seçildi?

- Birincisi, əyani, canlı yarış üçün Naxçıvan çox gözəl məkandır. Dediyim kimi, orada maska rejimi yoxdur. Muxtar Respublika COVID-19 nöqteyi-nəzərindən yaşıl zonadadır. Əlverişli şəraitdir. İkincisi, niyə bu cür yarışlar regionlarda olmasın? Naxçıvan da Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Naxçıvan Şahmat Federasiyasının Azərbaycan şahmat ailəsinin təşkilində görkəmli rolu var. Bilirsiniz ki, Naxçıvanda bu idman növünə münasibət çox yüksək səviyyədədir. Orta məktəblərdə şahmat dərs elementi kimi tədris olunur.

- İddiaçılar Turniri başa çatdı. Rusiyalı Yan Nepomnyaşinin qalib olduğu yarışn təşkili və yekununu necə şərh edərdiniz?

- FIDE daxilində bu barədə müəyyən qürur hissi var ki, nəhayət, belə bir başıbəlalı turnir başa çatdı. Yarışın birinci və ikinci dövrələri arasında, demək olar ki, 1 il 1 ay fasilə oldu. Bu da məlum pandemiya ilə əlaqədar idi. İkinci dövrənin 1 ildən sonra keçirilməyi doğrudan da obyektivlik nöqteyi-nəzərindən şahmat mübarizəsinin ədalətliliyinə ziyan vururdu. Buna baxmayaraq, turniri sona çatdırmağa məcbur idik.Yarış Yekaterinburq şəhərində başlamışdı, orada da bitdi. Turnir hələ ilk dövrənin nəticələri ilə birinci yerdə olan Yan Nepomnyaşinin qələbəsi ilə başa çatdı. Fikrimcə, bunu ədalətli saymaq olar. O, yaxşı, aqressiv oyun nümayiş etdirdi. İnanıram ki, Nepomnyaşinin Karlsenlə noyabr - dekabrda olacaq matçı da maraqlı mübarizə şəraitində keçəcək. Nəyə görə bu, qabarıq vurğulanır? Çünki Karlsenlə Fabiano Karuana arasında 2019-cu ildəki son görüş çox cansıxıcı alınmış, 12 partiya heç-heçə ilə başa çatmışdı. Nəticəli oyunlar olmamışdı və hər şey tay-brekdə müəyyənləşmişdi. Ümid edirik ki, bu dəfə daha canlı, maraqlı və aqressiv oyunlar olacaq.

- Növbəti İddiaçılar Turniri nə vaxt olacaq və bizim şahmatçılardan kimlər iştirak edə bilər?

- 2022-ci ildə 8 oyunçunun iştirakı ilə keçiriləcək. İlk yeddi yer Qran-pri yarışının, Dünya Kubokunun və "Grand Final" turnirinin finalçılarına və şahmat tacı uğrunda görüşdə uduzan qrossmeysterə veriləcək. FIDE-də 8-ci yeri Teymur Rəcəbova vermək meylliliyi var. Amma qərar hələ sona çatdırılmayıb, müzakirə olunur. Ali şahmat qurumunun prezidenti Arkadi Dvorkoviçlə bu barədə mütəmadi fikir mübadiləsindəyəm. Çalışırıq ki, Rəcəbovun hüquqları qorunsun. Belə olsa, Şəhriyar Məmmədyarov və ya digər şahmatçımızın sadaladığım 3 yarış vasitəsilə İddiaçılar Turnirinə seçilmək şansı ola bilər. Yarışın yeri hələ bəlli deyil.

Son xəbərlər

Orphus sistemi