Bakı. 20 sentyabr. REPORT.AZ/ Bakıda keçirilən cüdo üzrə dünya çempionatında 60 kq çəki dərəcəsində 5-ci yeri tutan Kəramət Hüseynov jurnalistlərin suallarını cavablandırıb. "Report" üçüncü yer uğrunda görüşdə məğlub olan idmançının müsahibəsini təqdim edir:
- Böyüklər arasında dünya çempionatında ilk dəfə iştirak edirdiniz. Bunu yüksək nəticə hesab etmək olarmı?
- Bəzi təlim-məşq toplanışlarında iştirak etməmişdim. Düşünürəm ki, bürünc medal uğrunda görüşdə buna görə məğlub oldum. Bundan da yaxşı nəticə qazana bilərdim. Təəssüflənməməliyəm. Qarşıda da dünya çempionatı və olimpiada var. Ümid edirəm ki, yaxşı nəticələr göstərə biləcəyəm.
- Rəqibi iki şido (cərimə) balı ilə məğlub edirdiniz. Son anda nə alınmadı?
- Rəqibdən öndəydim. Yorğun olduğuma və bəzi yerlərimin əzildiyinə görə məğlub oldum.
- Təsəlliverici yarışda sankı daha tez yorulmuşdunuz. Sonuncu yarışda isə qalib gəlmək şansınız daha çox idi...
- Düzdür. Görüşlər arasındakı vaxt çox az idi. Ona görə də yorğun idim.
- İlk uduzduğunuz rəqib dünya çempionu oldu. 1/4 finalda başqa rəqib olsaydı, daha yaxşı nəticə göstərmək olardı?
- Bunu bilmək olmur. Bəlkə də, digər qrupda mübarizə aparsaydım, final qarşılaşmasında iştirak edə bilərdim. Reytinqdə ön pillələrdə gedən cüdoçularla qarşılaşdım. Bütün güclü rəqiblər mənim qrupumda idi. Olimpiya çempionunu udsam da, dünya çempionuna məğlub oldum.
- Hazırlığınızda dayınız Elnur Məmmədlinin köməkliyi olubmu?
- Mənə çox köməklik göstərib. Məşqlərdə də mənə yardım edib.
- Növbəti günlərdə Azərbaycan cüdoçularından nə gözləyirsiniz?
- 66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə yarışacaq. 73 kq-da da iddialı idmançılarımız var. Medallar qazanacağımıza inanırıq.