Kamran Talıbov: Azərbaycanlı kimi olimpiadada fəaliyyət göstərmək fəxrdir

Kamran Talıbov: Azərbaycanlı kimi olimpiadada fəaliyyət göstərmək fəxrdir Azərbaycanlı kimi orada təmsil olunmaq xoşdur, fəxrdir.
Fərdi
25 İyun , 2024 13:56
Kamran Talıbov: Azərbaycanlı kimi olimpiadada fəaliyyət göstərmək fəxrdir

Azərbaycanlı kimi orada təmsil olunmaq xoşdur, fəxrdir.

Bunu "Report"a açıqlamasında Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının yerli Təşkilat Komitəsində fəaliyyət göstərəcək Kamran Talıbov deyib.

Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini dörd idman növündə (voleybol, həndbol, ağırlıqqaldırma və stolüstü tennis) əməliyyatların idarə olunmasına dəstək göstərəcəyini xatırladıb: "Xüsusən media əməliyyatlarına rəhbərlik edəcəyəm. Daha əvvəl Bakıdakı Avropa Oyunlarında və İslam Həmrəyliyi Oyunlarında da bənzər idman növlərində fəaliyyət göstərmişəm. Tokio-2020 Yay Olimpiya Oyunlarında ağırlıqqaldırmada çalışmışam. Köhnə profilimə əsasən bu idman növlərinə təyin olunmuşam. Dörd idman növü üç arenada baş tutacaq. Bir-birinə yaxın olsalar da, böyük idman obyektləridir. "Cənub Paris Arena 1, "Cənub Paris Arena 4" və "Cənub Paris Arena 6" adlanır. Bunlar paytaxtın ən ağır arenalarından hesab edilir. Bu isə idman növlərinin çoxluğu ilə əlaqədardır. Əslində kompleks olaraq bir idman obyektidir. Burada almanlar və fransızlardan ibarət köməkçilərim də olacaq. Müxtəlif millətlərdən olan 15 nəfərlik heyətlə işimizi görəcəyik".

K.Talıbov hələlik ilkin treninqlər keçdiklərini söyləyib: "Arenalardakı məlumatlar ötürülür. Bir neçə planlama fazasında iştirak etmişəm, bu səbəbdən mənə yad deyil. Tokio-2020-də əldə edilən məlumatlar insana rahatlıq verir. Digər ölkələrdən də əməkdaşlar var. İllərdir birlikdə çalışırıq. Yenidən görüşəndə nostalji olur. Onlar Bakıda Avropa Oyunlarında və İslam Həmrəyliyi Oyunlarında bizimlə birlikdə işləyiblər. Tezliklə daha iki azərbaycanlı media komandasına, bizə qoşulacaq. Artıq azərbaycanlı qrup kimi yaxşı mənada ad çıxarmışıq. Media komandasında azı üç həmyerlimiz olur. Sayı artırmaq istəyirik. Böyük ehtimalla 2028-ci ildə keçiriləcək olimpiada da olacaq. Çox gözəl təcrübədir. Olimpiya Oyunları idman və tədbir sahəsində çata biləcəyimiz ən yüksək zirvədir. Çox məmnunuq. Qarşıdakı iki ay ərzində əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Son xəbərlər

Orphus sistemi