"Bu vəzifəyə seçildiyim üçün üzvlərə təşəkkür edirəm. Bu böyük etimatdır".
"Report"un məlumatına görə, bunu Azərbaycan Ağır Atletika Federasiyasının yeni prezidenti İnam Kərimov mətbuat konfransında deyib.
O, ağırlıqqaldırmanın önəmli idman növlərindən olduğunu bildirib: "Bu, Prezident İlham Əliyevin diqqətində olan idman növüdür. Ölkəmiz bütün beynəlxalq yarışlarda layiqincə təmsil edilib. SSRİ dövründə və müstəqillik vaxtı böyük ənənələrimiz olub. Dövlətimiz ağırlıqqaldırmaya böyük dəstək verir. Xalqımız da bu idman növünə böyük rəğbət bəsləyir. Bu sahədə çempionlarımızın olmasını gözləyirik".
Kərimov federasiyanın toplantısında müzakirə olunan məsələlərə də toxunub: "Bugünkü iclasda əldə edilmiş uğurlar dinlənildi və çətinliklərdən bəhs edildi. Razılığımız ondan ibarət oldu ki, bu məsələləri daha yaxından təhlil etməli və qarşımıza qoyduğumuzun hədəfləri müəyyənləşdirməliyik".
Qeyd edək ki, İnam Kərimov yeni vəzifədə "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovu əvəzləyib.