İlqar Rəhimov: "Bakıda keçiriləcək Qran-priyə adi yanaşmaq istəmirik"

İlqar Rəhimov: "Bakıda keçiriləcək Qran-priyə adi yanaşmaq istəmirik" Milli Paralimpiya Komitəsində (MPK) Bakıda təşkil olunacaq paracüdo üzrə Qran-pri yarışı ilə bağlı mətbuat konfransı keçirilib.
Fərdi
7 May , 2019 12:52
İlqar Rəhimov: Bakıda keçiriləcək Qran-priyə adi yanaşmaq istəmirik

Milli Paralimpiya Komitəsində (MPK) Bakıda təşkil olunacaq paracüdo üzrə Qran-pri yarışı ilə bağlı mətbuat konfransı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə MPK prezidenti İlqar Rəhimov Qran-pri üçün yaradılmış Təşkilat Komitəsinın bir neçə iclas keçirdiyini bildirib. O, yarışın devizinin də müəyyənləşdirildiyini açıqlayıb: "Qran-prinin bəzi xüsusi tərəfləri var. Bu və sonrakı yarışlarımızın hamısı "Ruhun zəfəri" devizi altında keçiriləcək. Qran-priyə adi yanaşmaq istəmirik. Bütün fiziki məhdudiyyətli şəxslər burada aktiv iştirak edəcəklər".

MPK rəhbəri Qran-prini böyük bayrama çevirmək üçün çalışdıqlarını vurğulayıb: "Düşünürəm ki, buna da nail olmuşuq. Yarışda 36 ölkənin nümayəndələri iştirak edəcək. 350 nəfərdən 231-i idmançıdır. Azərbaycan komandası 26 paracüdoçudan ibarətdir. 13 kişi, 10 qadın idmançı və 3 məşqçi ölkəmizi təmsil edəcək. Qran-pridə 1200 nəfər akkreditasiya ilə bağlı qeydiyyatdan keçib. Yarış öncəsi tibbi təsnifat olacaq. 6 ölkədən təcrübəli mütəxəssislər dəvət edilib. Tibbi təsnifatdan keçə bilməyənlər isə yarışa buraxılmayacaq".

Rəhimov Qran-pridə 13 dəst medalın sahibini tapacağını sözlərinə əlavə edib. O, qaliblərə veriləcək mükafatların məbləğlərini də açıqlayıb: "Birinci yerə 1000 dollar məbləğində mükafat veriləcək. İkinci yerin sahibləri 500 dollar, üçüncü yeri tutanlar isə 300 dollar alacaq. Mükafatlandırmada da əlillər fəal iştirak edəcəklər. Könüllülərlə də görüşmüşük. 100-ə yaxın könüllü yarışa qatılacaq".

Komitə rəhbəri gözəl açılış mərasimi hazırladıqlarını söyləyib: "120 nəfər rəqs şousu nümayiş etdirəcək. Onların da arasında əlillər olacaq".

Daha sonra Qran-pri üçün yaradılmış Bakugp.paralympic.az saytı barədə ətraflı məlumat verilib. Yarışla bağlı hər bir məlumatın bu portalda yerləşdiriləcəyi vurğulanıb.

Qeyd edək ki, 13-14 mayda keçiriləcək Qran-pri 2020-ci il Tokio Yay Paralimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. 

Son xəbərlər

Orphus sistemi