Gənclər və İdman Nazirliyi Azərbaycan ağırlıqqaldıranlarının cəzalandırılmaları ilə bağlı açıqlama yayıb

Gənclər və İdman Nazirliyi Azərbaycan ağırlıqqaldıranlarının cəzalandırılmaları ilə bağlı açıqlama yayıb "Hadisədən çox narahatıq və bu istiqamətdə lazımi tədbirlər görüləcək"
Fərdi
13 İyun , 2016 15:27
Gənclər və İdman Nazirliyi Azərbaycan ağırlıqqaldıranlarının cəzalandırılmaları ilə bağlı açıqlama yayıb
Report.az

Bakı. 13 iyun. REPORT.AZ/ Gənclər və İdman Nazirliyi Azərbaycanın 6 ağırlıqqaldıranının dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılması ilə bağlı açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən "Report"a daxil olan açıqlamada uzunmüddətli diskvalifikasiyadan təəssüf ifadə olunub.

Bununla yanaşı, nazirlik daim dopinqlə mübarizə aparan və idmançıları bu istiqamətdə mütəmadi maarifləndirən bir qurum olaraq bildirir ki, Azərbaycan Hökuməti Antidopinq Konvensiyasına qoşulan ilk 40 ölkə arasındadır. Konvensiyaya qoşulduqdan sonra Azərbaycan Hökuməti Milli Məclis tərəfindən xüsusi yaradılmış Komitə vasitəsi ilə antidopinq üzrə qanun işləyən ilk ölkələrdən biridir: "Qanunda bir sıra maddələrlə yanaşı, eyni zamanda dopinqdən istifadə olunacağı təqdirdə, idmançı və məşqçiyə cinayət işinin açılması maddəsi də əksini tapacaq. Dopinqlə mübarizə məqsədilə 10 ildən çoxdur Gənclər və İdman Nazirliyinin nəzdində Dopinqlə mübarizə şöbəsi yaradılıb".

Bəyanatda xüsusi vurğulanır ki, nazirlik MDB ölkələri arasında idmançıların dopinq nümunələrini mütəmadi olaraq yoxlamağa göndərən ölkələr arasında ilk üçlükdədir: "I Avropa Oyunları zamanı qurum Avropa Olimpiya Komitəsi ilə idmançıların dopinq yoxlamadan keçməsi istiqamətində işlərini yüksək səviyyədə qurmağı bacarıb. Lakin bir daha vurğulamaq yerinə düşər ki, idmançıların təlim-məşq toplanışlarına qatılmaları, yarışlara ezam olunmaları baş məşqçi tərəfindən aparılır. Federasiyalar ilk növbədə, idmançılar üzərində nəzarəti daha da möhkəmləndirməli, mütəmadi şəkildə idmançıların dopinq müayinələrinin aparılması üçün nazirliyə müraciət etməlidir".

Nazirlik bildirir ki, bütün federasiyalara dopinq yoxlamaları ilə bağlı yeniliklər, tərkibində dopinq olan yeni dərman ləvazimatlarının siyahısını mütəmadi təqdim edir: "Bütün lazimi işlərin aparılmasına baxmayaraq, əfsuslar olsun ki, bəzi hallarda diqqətsizlik nəticəsində içilən hansısa maye və ya yemək idmançının dopinqə düşməsinə səbəb ola bilər. Bu səbəbdən, idmançıları çəkdikləri zəhmətin bəhrəsinin hədər getməməsi məqsədi ilə maksimal dərəcədə diqqətli olmağa çağırırıq. Biz baş verən bu hadisə ilə bağlı çox narahatıq və bu istiqamətdə lazımi tədbirlər görüləcək".

Sonda Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən bu barədə qərarın verilməsinə baxmayaraq, idmançıların apelyasiyaya verərək, öz hüquqlarını müdafiə etmək imkanının olduğu, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının bu istiqamətdə işlər apardığı vurğulanıb.

Qeyd edək ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası Elxan Əliquluzadə, Silviya Angelova, Firidun Quliyev, Valentin Xristov və İntiqam Zairovu hərəyə 8 il, Dadaş Dadaşbəylini isə 4 il müddətinə bütün yarışlardan kənarlaşdırıb. 

Son xəbərlər

Orphus sistemi