Gənclər və idman naziri Fərid Qayıbov martda qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil edən idmançılar və onların məşqçiləri ilə görüşüb.
“Report” xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ardından “İdman Ustası” dərəcəsinə layiq görülən bəzi idmançılara müvafiq vəsiqə və döş nişanları təqdim olunub. Fərid Qayıbov Azərbaycanı beynəlxalq arenalarda uğurla təmsil edən idmançıları təbrik edib, onlara yeni uğurlar arzulayıb.
Ötən ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub.
Bədii gimnastika, tamblinq, ikili mini-batut, batut gimnastikası, kişi idman gimnastikası, qadın idman gimnastikası, aerobika gimnastikası, güllə atıcılığı, stolüstü tennis, üzgüçülük, cüdo, stronqmen, uşu-sanda, karate idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığmanın məşqçiləri isə idmançıların hazırlıq prosesi və uğurları barədə danışıblar.
Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.