Ermənini nokauta salan Məhər Əsədzadə: "Düşmənimi dəmir yumruqla məğlub etdim"

Ermənini nokauta salan Məhər Əsədzadə: "Düşmənimi dəmir yumruqla məğlub etdim" "Çox sevinirik. Çünki düşmənimizi məğlub etmişik. Dəmir yumruqları onların başının üstündən əksik etmədik".
Fərdi
6 Sentyabr , 2021 12:53
Ermənini nokauta salan Məhər Əsədzadə: Düşmənimi dəmir yumruqla məğlub etdim
Məhər Əsədzadə

"Çox sevinirik. Çünki düşmənimizi məğlub etmişik. Dəmir yumruqları onların başının üstündən əksik etmədik".

Bunu "Report"un Rusiyanın Kazan şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında I MDB Oyunlarındakı 1/4 final görüşündə Ermənistan təmsilçisi Alen İsraelyanı nokautla məğlub etmiş Azərbaycan tayboksçusu Məhər Əsədzadə (63,5 kq) deyib.

"İsraelyanla indiyədək heç vaxt üz-üzə gəlməmişdim. Bununla belə, qarşıma məqsəd qoymuşdum ki, düşmənimi mütləq məğlub etməliyəm. Özü də nokautla", - 19 yaşlı idmançı əlavə edib. Onun sözlərinə görə, MDB Oyunlarında əsas hədəfi qızıl medal olsa da, erməni rəqibini yenmək də ikinci plana keçməyib. Qalib idmançı döyüş vaxtı taktikasını milli komandanın baş məşqçisi Fəxri Əliyevin arxadan verdiyi tapşırıqlara uyğun qurduğunu diqqətə çatdırıb.

Əsədzadə yunan-Roma güləşçisi Rafiq Hüseynovun Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazandıqdan sonra "Mənim üçün rəqibin milliyyəti yox, onun üzərində qələbə önəmlidir" fikrinə də münasibət bildirib. Onun sözlərinə görə, rəqib düşmən ölkədəndirsə, onun cavabını elə düşmən kimi vermək lazımdır: "Cənab Prezidentin də dediyi kimi, dəmir yumruq öz yerindədir. Onların üzərindən dəmir yumruğu axıradək əksik etmək lazım deyil. Buna görə də mən qalib gəldikdən sonra addımladıb və üzümü zaldakı Azərbaycan bayrağına tərəf tutaraq, əsgər salamı verdim".

Baş məşqçi Fəxri Əliyev isə bildirib ki, Əsədzadə idmanla məşğul olmağa 4 yaşından başlayıb: "Məhər Əsədzadə babasının adını daşıyır, şəxsi məşqçisi atası Vüqar Əsədzadədir. Hazırda Azərbaycanı tayboksda təmsil edən yeganə beynəlxalq dərəcəli hakimdir. Məhər dəfələrlə Azərbaycan çempionu və beynəlxalq turnirlərin qalibi olub. Uşaq yaşlarında isə azyaşlılar arasında dünya çempionu adını qazanıb. Nailiyyətləri çoxdur, perspektivli, nəticə verən idmançılarımızdandır. Qarşıda bizi Polşada Avropa, Tailandda dünya çempionatı gözləyir. Əsədzadəni məhz bu nüfuzlu yarışlara hazırlayırıq".

Əliyevin sözlərinə görə, nokautla uduzduqdan sonra İsraelyanın halı çox pis olub: "Tayboksda fırlanaraq zərbə vurma fəndi var. Bu cür zərbə ilə aldığından, o, gec ayılıb. Qarşılaşmadan 20 dəqiqə sonra təşkilatçılardan rəqibin vəziyyətini soruşduq. Cavab verdilər ki, necə vurmusunuzsa, hələ ayılmayıb, həkimlərin əlindədir. Hətta bu zərbənin onun karyerasını davam etdirməsinə problem yaratması da mümkündür".

Əsədzadənin növbəti görüşünü yarımfinalda rusiyalı Saveliy Doroqavtsevə qarşı keçirəcəyini deyən Əliyev onun üzərində də qələbə qazanacağına inam ifadə edib: "Məhər yarımfinala yüksəlməklə, ən azı bürünc medalı təmin edib. Amma biz onun qızıl medal qazanacağına inanırıq".

Son xəbərlər

Orphus sistemi