Elxan Məmmədov: "Nəticələrdən utanır və vicdan əzabı çəkirik"

Elxan Məmmədov: "Nəticələrdən utanır və vicdan əzabı çəkirik" "Məşqçilərin işləmədiklərini deyənlər isə iftira atırlar və vicdansızdırlar"
Fərdi
4 Avqust , 2021 15:19
Elxan Məmmədov: Nəticələrdən utanır və vicdan əzabı çəkirik

Cüdo üzrə kişilərdən ibarət Azərbaycan millisinin istefaya göndərilmiş böyük məşqçisi Elxan Məmmədovun "Report"a müsahibəsi

- Rəhbərlik etdiyiniz komandanın 7 üzvünün hamısı Tokio-2020 Yay Olimpiya Oyunlarını medalsız başa vurdu. Bu uğursuzluğun səbəbini nədə görürsünüz?

- İdmançılar hazır idilər, onlar hər şeylə təmin ediliblər. Burada ancaq psixoloji səbəblər var. Başqa heç nə ola bilməz.

- Sizcə, cüdoçuların psixoloji durumu niyə yerində olmayıb?

- Bu, 5 dəqiqə ərzində izah olunası məsələ deyil. Bunun üçün oturmaq və geniş söhbət etmək lazımdır. Bir çox amillər var ki, onları bir kəlmə ilə ifadə etmək olmur.

- Bəzi iddialar var ki, baş məşqçi Ruslan Maşurenko idmançıları həddindən artıq yükləyib...

- Boş və manasız söhbətdir, yalandır. Bilmirəm ki, bunu kimlər deyib. Yığma komandanın məşqçilər heyətində olimpiya və dünya çempionları var. Hər şey normasında olub. Söhbətin hansı yüklənmədən getdiyini və kimlərin nə dediyini bilmirəm..

- Bakıya gələn kimi postunuzdan uzaqlaşdırıldınız. Maşurenko və siz istefaya göndərilməyinizi necə qarşıladınız?

- Normal. Nəticə yoxdursa, istefaya getməliyik.

- Cüdoçulardan sizi ən çox kim məyus etdi və onlardan hansının medal qazanacağına ümid edirdiniz?

- Hamıdan medal gözləyirdim. Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyevin (100 kq) yer tutacaqlarına ümid edirdim. Sadəcə, uğursuzluq zolağına düşdük. Heç kim tam gücü ilə görüşmədi, vuruşmadı. Millidə olan potensial bu deyil. 6 - 13 iyunda Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında 3 çəki dərəcəsində - 60 kq, 66 kq və 73 kq-da təmsil olunmuşduq. Hər 3 çəkidə təmsil olunanlar medallar uğrunda güləşmişdi. Bu, Azərbaycan cüdosunda bir səhifə idi. Hər kəs medal uğrunda yarışırdı. Bu, komandanın necə hazır olduğunu göstərir. Sadəcə, bu cür alındı.

- Cüdoçuların uzun müddət pandemiyaya görə məşqsiz qalmaları nəticələrə təsir etdimi?

- Xeyr. 2020-ci ildə çətinliklər oktyabradək olub. Amma biz açıq havada - dəniz kənarında həmişə məşqlərimizi edirdik. Olimpiya Oyunları bir az yüklü yarışdır. Cüdoda olan rəqabət isə hansısa idman növündə yoxdur. Əsas medalları da yaponiyalılar, koreyalılar və gürcülər götürdülər. Başqa ölkələr isə hərəyə 1-2 medal götürə bildi. Sadəcə, bizdə bu cür alındı. Komanda tam hazır idi. Başqa söhbət də ola bilməzdi. Hazırlıq prosesin də keçmişdik. Lakin psixoloji problemlər yarandı. Cüdoçuların da qrupları çətin idi. Məsələn, Kəramət Hüseynovda ardıcıl üç dünya çempionu var idi. Bəlkə də bu, ona pis təsir göstərdi. Məncə, bu uğursuzluq sırf psixoloji sindrom idi. İdmançıların yükləndiklərini kimin dediyini bilmirəm. Gəlsin, oturaq üz-üzə söhbət edək. Yüklənmədən söhbət belə gedə bilməz. Hər şey qədərində olub.

- Bəs olimpiadaya lazımi vaxtdan gec və ya tez yollandığınızı düşünürsünüz?
- İyulun 14-də Yaponiyaya getmişdik. Bəlkə də tez getməyimiz komandaya psixoloji cəhətdən müəyyən təsir göstərə bilər. Onların məşq proseslərində necə hazırlaşdıqlarının şahidiyəm. Məşqlə bağlı problem ola bilməz.

- Gec və ya tez getməyin, hansı mənfi cəhətləri ola bilər?
- İnsan gedir və psixoloji gərginlik yaşayır. Hamı ona yazır və deyir ki, yer tutmaq lazımdır. Belə şeylər insanda özünə qapanma əmələ gətirir və beyin yorulur. Sırf bununla bağlaya bilərəm. İdmançılar, məşqçilər dayanmadan çalışıblar, federasiya isə onları hər şeylə təmin edib. Başqa söz-söhbət ola bilməz. Uğursuzluğu psixoloji amillə bağlayıram.

- Psixoloji problemlərin qarşısını almaq üçün psixoloq tutmaq və ya hansısa tədbir görmək olmazdı?
- Mən yığmaya köməkçi-məşqçi kimi təyin olunmuşam. İki il bundan əvvəl qazandığımız nəticəni Azərbaycanda hansısa məşqçi verməyib. Ümumilikdə Avropa çempionatlarında 10, dünya çempionatlarında isə 5 medal vermişik. Heç bir məşqçi belə nəticə qazanmayıb. Bəzən deyirlər ki, güləşəndən məşqçi çıxmaz. Biz sübut etdik ki, boş sözdür. Elə güləşənlərin özləri nə isə edir. Sadəcə, bilirəm ki, bizdə nəticə olanda hamı sinəsini qabağa verir, olmayanda isə kimisə günahkar görürlər. Bəlkə də haqlı olaraq günahlandırılırıq, bilmirəm. Uşaqlar və məşqçilər əllərindən gələni edib. Bəlkə də Tokioya tez getməyimiz cüdoçuların psixoloji yanmasına səbəb olub.

- Ruslan Maşurenkonu işinin öhdəsindən gəlməməkdə günahlandırırlar. Görüşlər vaxtı cüdoçuların yanında daim sizi görürdük. Baş məşqçi kimi fəaliyyət göstərsəydiniz, nəticə fərqli ola bilərdi?
- Kimin baş məşqçi olacağına federasiya qərar verir. Mən Azərbaycan vətandaşı kimi 36 yaşımadək güləşmişəm, əlimdən gələni etmişəm və ölkəmin bayrağını qaldırmışam. Məşqçi kimi də əlimdən gələni etdim. Aylarla bir yerdə oturmamışam ki, ən azı olimpiadada 3 medal götürək. Deməyə söz tapa bilmirəm. Mənim vicadım təmizdir. Komandanın müəyyən səviyyəyə çıxarılması üçün əlimdən gələni etmişəm. Mənimlə bərabər yığmanın hər məşqçisi bunu edib.

- Nəticələrə görə federasiyanı da günahkar bilənlər var...
- Xeyr, bu, ən azından haqsızlıq olardı. Kənarda kimlərin nə danışdıqlarını bilmirəm. Hər şey göz qabağındadır. Nə demişiksə, ediblər. 2020-ci ilin oktyabrından sonra Bakıda hazırlıq prosesi keçmədik. Harada toplanış var idisə, federasiyadan xahiş edirdik, onlar da göndərirdilər. 9 ay boş dayanmamışıq.

- Sizcə, rəhbərlik məşqçiləri istefaya göndərməklə özünü sığortalamadı?

- Sığorta deyəndə ki, məşqçilər heyəti nəticə vermirsə, federasiya müəyyən qərarlar qəbul etməli olur. Qurum özünü sığortalamaq üçün yox, sadəcə, belə deyək, bəlkə də bir cəza kimi bu addımı atıb. Bunu, federasiyadan soruşa bilərsiniz, mən bilmirəm.

- İdman sahəsində qalmağı planlaşdırırsınız?
- Əlbəttə. İdmanın içində böyümüşük. 22-23 ilə yaxındır ki, cüdo ilə məşğulam. Xəmirimiz idmanla yoğrulub. Necə olacağını görəcəyik.

- Yığmada işdəyiniz müddətdə sizə ölkə xaricindən təkliflər olubmu?
- Bəli. Ölkənin adını açıqlamaq istəmirəm. Baş məşqçi kimi yox, köməkçi-məşqçi kimi təklif gəlib. Demişdilər ki, bizə kömək edə bilərsənmi? İndi yaxşı təklif olsa, dəyərləndirəcəyik. Biz həmişə Azərbaycana xidmət etmişik. Azərbaycan Cüdo Federasiyasından yenə təklif olsa, qalıb çalışacağıq. Olmasa, başqa yerdə özümüzü yoxlayacağıq.

- Nə vaxtsa yenidən yığmaya dönmək barədə düşünürsünüzmü?
- Milli komanda ölkənindir, heç kimin dədəsinin deyil. Həmişə öz vicdan borcumu yerinə yetirmişəm. Məşqçi olanda da əlimdən gələni etmişəm. Heç kim nə isə artıq söz deyə bilməz. Allah bilir ki, həmişə yığma üçün əlimdən gələni etmişəm. Yenə deyirəm, Avropa çempionatında 10, dünya çempionatında isə 5 medal qazanmışıq. Bu, göydən zənbillə düşmür. Hər halda çalışmaq lazımdır ki, iki il ərzində bu qədər medal qazanasan. Həm də Azərbaycan ilk dəfə idi ki, olimpiadaya 7 lisenziya qazandı. Bunu aşağılamaq ən azından vicdansızlıqdır. Biz əlimizdən gələni etmişik. Düşünürdüm ki, olimpiadada da nəticələr yaxşı olacaq. Sadəcə, psixoloji sindrom var idi. Uşaqların ilk rəqiblərinin də güclü olmaları nəticələrə təsir etdi. Məmmədəli Mehdiyev uduzduğu rəqibinə daha əvvəl 5 dəfə məğlub olub. Bəlkə də psixoloji olaraq özünü bu səbəbdən hazırlaya bilmədi. Digər idmançılar da püşkdə çətin rəqiblərlə düşmüşdü.

- Sizcə, Azərbaycan cüdoçularının maksimumu budur: Onların arasında kimisə olimpiya çempionu olaraq görürsünüz?
- Bizim idmançıların maksimumu bu deyil. Kəramət Hüseynov mundialda yaponiyalı rəqibinə qalib gəlmişdi. Cüdo aləmi şok olmuşdu ki, yaponiya idmançı necə məğlub olub. Amma Kəramət onu üstələdi. Biz də bu göstəricilərə baxıb fikirləşirdik ki, Tokioda uğur qazanacağıq. Dünya çempionatındakı nəticə böyük uğur idi. Çünki ora Rüstəm Orucovu, Məmmədəli Mehdiyevi göndərməmişdik. Sadəcə, 3 idmançımız medallar uğrunda güləşmişdi. Hüseynov bürünc medal əldə etdisə, digər ikisi 5-ci oldu. İdmançılarımız Yaponiyada özlərində olan gücü və potensialı göstərə bilmədilər. Dünya çemnpionatı bizim üçün göstəricidir. Arada gəzən adam yox, başı çıxan hər bir mütəxəssis dünya çempionatına baxa və uşaqların hansı formada olduğunu görə bilər. Olimpiadada psixoloji problemdən başqa səbəb ola bilməz.

- Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli cüdoçuların vuruşmadıqlarını söyləyib. Siz necə düşünürsünüz?
- Bəli, vuruşmadılar. Onunla razıyam. Amma vuruşmamaqları psixoloji səbəblərdən olub. İnsanda inam da lazımdır. Elnurla eyni nəsilin idmançılarıyıq. Onun güləş tərzi və xarakteri tamam fərqli idi. Fikirləşib ki, insan mütləq nə olsa belə, vuruşmalı və əlindən gələni etməlidir. Qruplara güclü rəqiblərin də düşməsi cüdoçularda psixoloji gərginliyə gətirib çıxardı. Müəyyən adamlar yıxılana balta vurur, şükürlər olsun ki, yıxılmamışıq. Sadəcə, ağzıgöyçəklər danışırlar. Bunu jurnalistlərə aid etmirəm. Sadəcə, müəyyən məşqçilər danışır. İdmançılarımızın beyni yorulmuşdu və tam güclərini ortaya qoya bilmirdilər. Məşqlərdə gördüyümü Tokioda izləyə bilmədim. Biz özümüz də nəticələrdən utanır və vicdan əzabı çəkirik ki, niyə belə oldu?

- Məğlubiyyətlərdən sonra komanda üzvlərindən heç kim üzr istəmədi. Bunu nə ilə əlaqələndirirsiniz?
- Görüşlərdən sonra uşaqlardan bəziləri gəldilər və dedilər ki, müəllim, məni bağışla. Ümidlərimizi doğrulda bilmədiklərini etiraf etdilər. Rüstəm Orucov çox məyus olmuşdu və iki gün özünə gələ bilmədi. Görürdüm ki, cüdoçuların çoxu vicdan əzabı çəkir. Həyatda insan yıxıla və ya qalxa bilər. Məşqçilərin işləmədiklərini deyənlər isə iftira atırlar və vicdansızdırlar.

Son xəbərlər

Orphus sistemi