Azərbaycanın şose velosipedi üzrə millisinin üzvü Elçin Əsədov haqqında film çəkilib.
"Report"un məlumatına görə, ssenari müəllifi Zəhra Quliyeva, quruluşçu rejissoru Aslan Qarayevin olduğu film Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Evində nümayiş etdirilib.
Nümayişdən öncə gənclər və idman naziri Fərid Qayıbov çıxış edib. Nazir film barədə müavini Mariana Vasilevanın onu məlumatlandırdığını söyləyib: "Son zamanlar idmançılar haqda filmlər çəkilir. Bu, çox yaxşı haldır. Elçin Əsədov da Azərbaycan velosiped idmanında öz sözünü demiş biridir. Mənə Mariana xanım dedi ki, filmə baxıb, çox təsirlidir".
Daha sonra "Uğurlar - Elçin Əsədov" adlı filmin nümayişinə başlanılıb. Filmdə Elçin Əsədovun idmandan əvvəl Füzulidən məcburi köçkün olduğu, avtobusda konduktor və prefektoriyada usta köməkçisi işlədiyi özünün və ailəsinin dilindən eşidilir. O, Ukraynada ilk legioner həyatı yaşayanda rus dilində bir söz bilmədiyi və bunun ona çətinlik yaratdığını bildirib. Əsədov 2006-cı ildə Ukraynada evləndiyini, 2008-ci ildə orada velosiped sürərkən qəzaya düşdüyünü, bununla belə, qayıtdıqdan sonra ölkə çempionu olduğunu vurğulayıb.
Z.Quliyeva E.Əsədovun dünyanın məşhur velosipedçiləri sırasında olduğunu bildirib: "Hətta deyərdim ki, Əsədov top "25-lik"dədir. Belə idmançını işıqlandırmaq, kütləyə tanıtmaq böyük şərəfdir. Çünki hər bir azərbaycanlı ancaq uğurlu insanları tanımalı, belə insanlar vasitəsiilə özlərinə həyat məqsədi seçməlidir. Bu filmdə əsas məqsədimiz idmançıların keçdiyi ağır həyat yolunu, iki təkər üzərində etdikləri hərəkət hesabına qazandıqları uğuru göstərdik. Elçin Əsədov da rəngarəng və keşməkeşli həyat yolu keçib".
Quliyevanın sözlərinə görə, Əsədov 35 illik ömründə idman sahəsində yetərincə iz buraxıb və rəngarəng həyat yaşayıb: "Onunla neçə ildir dostuq. Elçinin həyatını işıqlandırmaq komandamız üçün maraqlı idi. Filmi qiymətləndirməyi tamaşıçıların ixtiyarına buraxırıq. Film haqqında heç nə deyə bilmərəm. İzlədikdən sonra tamaşıçılar öz fikirlərini bölüşə bilərlər".
E.Əsədovun özü isə Azərbaycan tarixində ilk dəfə hansısa velosipedçinin həyatı haqqında film çəkildiyini vurğulayıb: "Qəhrəman da mənəm. 20 illik karyeram ekran əsəri kimi lentə alınıb. Bunun üçün sevinirəm. Ölkəmizdə idmançıya dəyər verilir. Prezident İlham Əliyevin idman göstərdiyi qayğının nəticəsidir ki, bütün idman növlərində olduğu kimi velosiped idmanında da irəliləyiş var. Mədət Quliyev federasiya prezidenti olduqdan sonra hər bir idmançının problemi ilə maraqlanıb və onların yalnız idmanı düşünməsinə şərait yaradıb".
Əsədov çəkiliş prosesinin bir az çətin keçdiyini sözlərinə əlavə edib: "Rejissorumuz yaxşı insandır. Var olsun, onunla işləmək rahat idi. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm. Bu, gördüyüm işlərə verilən hörmət və dəstəkdir. Hamıya minnətdaram".
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə son illərdə Azərbaycan ənənəvi idman növləri ilə yanaşı, digər növlərin də inkişafa başladığını diqqətə çatdırıb: "Onlardan biri də velosiped idmanıdır. Bu gün təqdim olunan film ən yaxşı velosipedçimiz, Tokio-2020-nin iştirakçısı, Şuşadakı beynəlxalq turnirin qalibi Elçin Əsədova həsr edilib. Belə tədbirlər Azərbaycanda idmanın inkişafına dəstək olacaq. Bütün idman növlərində öz qəhrəmanlarımızı göstəməli və nümayiş etdirməliyik. Bugünkü tədbirin də məqsədi bu idi. İlk növbədə, bu filmi ərsəyə gətirənlərə, federasiya rəhbərliyinə və Elçin Əsədova təşəkkür edirəm. Ölkə idmanının inkişafında əməyi olan hər kəsə minnətdaram. Ümid edirəm ki, belə tədbirlərdə tez-tez rastlaşacağıq".