"Dünya çempionatı başa çatdı. Yunan-Roma güləşçilərimizdən Həsrət Cəfərov (67 kq) ilk dəfə dünya çempionu adını qazandı. Nihad Quluzadə (55 kq) və Ülvi Qənizadə (72 kq) isə 3-cü yeri tutdular. Bu qələbələr münasibətilə federasiya rəhbərliyini, məşqçiləri, bu işdə bizə dəstək olan Milli Olimpiya Komitəsini, Gənclər və İdman Nazirliyini təbrik edirəm. Çox gözəl nəticələrdir".
Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Elçin Cəfərov Belqradda keçirilən U-23 dünya çempionatında yunan-Roma güləşi üzrə yığmanın göstərdiyi nəticəni şərh edərkən deyib.
O bildirib ki, idmançılar bu il iştirak etdikləri beynəlxalq yarışlarda ölkənin idman şərəfini çox yüksəklərə qaldırdılar: "Onlar Azərbaycanı layiqincə təmsil etdilər: Yeniyetmələrdən ibarət yığmamız ilk dəfə Avropa çempionu oldu. Gənclər yığmamız Avropa çempionatında, Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında və Norveçin paytaxtı Osloda təşkil olunan dünya çempionatında komanda hesabında 3-cü yeri tutdular. Bunlar tarixi uğurlardır".
E.Cəfərovun sözlərinə görə, bu qələbələrin qazanılmasında ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin hərtərəfli diqqət və qayğısının böyük rolu var: "Bundan sonra da çalışacağıq ki, Azərbaycan güləşi və idmanı beynəlxalq arenada uğurlu nəticələr əldə etsin. Bu, bizim sonuncu beynəlxalq yarışımız idi. Bu ilin sonunda pandemiya ilə bağlı vəziyyət yaxşı olsa, ölkə çempionatı və təlim-məşq toplanışları keçirməyi planlaşdırmışıq. Bu il qazandığımız uğurları gələn il də təkrarlamaq istəyirik".