Birləşmiş Krallıqla strateji tərəfdaşlıq – Azərbaycan müttəfiqlərinin coğrafiyasını genişləndirir

Analitika
  • 13 noyabr, 2026
  • 16:52
Birləşmiş Krallıqla strateji tərəfdaşlıq – Azərbaycan müttəfiqlərinin coğrafiyasını genişləndirir

Azərbaycan etibarlı dövlət olaraq beynəlxalq miqyasda strateji tərəfdaşlıq əlaqələrini də genişləndirir. Bu münasibətlər müxtəlif məzmunlu sənədlərdə əksini tapır. Belə sənədlərdən biri də ötən gün - noyabrın 12-də Prezident İlham Əliyev və Birləşmiş Krallığın Baş naziri Endi Börnhem arasında mübadilə olunan "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə"dir.

Bəyannamədə iki dövlət arasında uzunmüddətli münasibətlər xatırladılır. Bildirilir ki, bu sənəd 1994-cü il 23 fevral tarixli "Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə"ni və 1998-ci il 21 iyul tarixli "Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə" əsaslanır.

Tərəflər bu Bəyannamə ilə ikitərəfli əlaqələrin gücünü, dərinliyini və dinamizmini qəbul edərək, qarşılıqlı hörmətə, ortaq maraqlara və praktik əməkdaşlığa əsaslanan münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə qaldırmaq üçün ortaq qətiyyətlərini ifadə edirlər.

"Müdafiə və Təhlükəsizlik", "Ticarət, İnvestisiya və Artım", "Təhsil və İnnovasiya" adlı üç bölmədən ibarət olan sənəd iki ölkə münasibətlərinin səviyyəsinin göstəricisi də sayıla bilər. Orada qeyd olunub ki, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, eləcə də suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmətlə bağlı prinsiplərə sadiqlik bir daha təsdiqlənir.

Birləşmiş Krallıq 2025-ci il avqustun 8-dən etibarən (Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin razılaşdırılmış mətni paraflanıb - red.) Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına, ikitərəfli dialoq yolu ilə regionda davamlı sülhə nail olmaq məqsədi daşıyan iki ölkənin səylərinə davamlı dəstəyini bir daha ifadə edib.

Bu bəndlər Cənubi Qafqazda ərazi bütövlüyü və suverenliyin qorunması üçün başlıca ismarış da sayıla bilər. Bəyannamədə sülhün vurğulanması regionda əməkdaşlığın, münasibətlərin normallaşmasına dəstəyin ifadəsidir.

Müdafiə və təhlükəsizlik sahəsinə aid məsələ də başlıca mövzulardandır. Orada qeyd olunub ki, iştirakçılar regional sülhü, sabitliyi dəstəkləmək üçün müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, ümumi təhdidləri yayındımaq, qarşısını almaq və onlara cavab vermək qabiliyyətlərini artırmaq üçün uzunmüddətli öhdəlikləri ortaq qəbul edirlər.

Bu, tərəflərin müdafiə və təhlükəszilik məsələlərində uzunmüddətli əməkdaşlıq edəcəklərini təsdiqləyir. Tərəflər qarşılıqlı maraq doğuran ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə koordinasiyanı dərinləşdirəcəklərini bəyan ediblər.

Bu istiqamətdə vurğulanan sahələrdən bir də müdafiə sənayesində əməkdaşlığı gücləndirmək imkanlarının araşdırılmasıdır.

Müasir dövrdə ikitərəfli münasibətlərdə beynəlxalq sülhə töhfə vermək də vacib şərtlərdəndir. Bu baxımdan, Azərbaycan və Böyük Britaniya Birgə Bəyannamədə maraqların uzlaşdığı çoxtərəfli platformalarda beynəlxalq sülhə və təhlükəsizliyə birgə töhfə verərək əməkdaşlıq etmək niyyətlərini təsdiqləyiblər.

Ölkələr ikitərəfli ticarət əlaqələrinin inkişafına da önəm veriblər. Xüsusən Orta Dəhlizin inkişafının dəstəklənməsi tərəflərin regionlararası iqtisadi-ticarət əlaqələrinə verdikləri önəmin göstəricisidir.

"İştirakçılar regional və beynəlxalq bağlantıların vacibliyini vurğulayır və sərhədyanı ticarət və investisiyaları asanlaşdıran nəqliyyat, logistika və infrastruktur layihələri ilə yanaşı, Orta Dəhlizin inkişafını da dəstəkləyəcəklər", - deyə sənəddə vurğulanıb.

Bundan başqa, Birgə Bəyannamədə ətraf mühitin qorunması, enerji təhlükəsizliyini dəstəkləmək məqsədilə bərpa olunan enerjinin inkişafı, "yaşıl maliyyələşdirmə" və aşağı karbonlu texnologiyalar da daxil olmaqla "təmiz enerji" keçidi üzrə əməkdaşlıq da bəyan olunub. Qeyd edilib ki, ölkələr bərpa olunan enerji, infrastruktur və xidmətlər də daxil olmaqla bizneslərarası əlaqələri təşviq etməklə iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığı gücləndirəcəklər.

Yeri gəlmişkən Azərbaycanın Böyük Britaniya ilə 2026-cı ilin yanvar-sentyabr aylarındakı ticarət dövriyyəsinin ümumi həcmi 3 milyard 720,7 milyon dollar təşkil edib. Bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur. Hesabat dövründə Azərbaycandan Böyük Britaniyaya 3 milyard 482,9 milyon dollarlıq mal ixrac olunub ki, bu da uyğun dövrlə müqayisədə 14,4 dəfə artım deməkdir.

Məlumatlara əsasən, Böyük Britaniya şirkətləri ümumilikdə Azərbaycana 34 milyard dollardan çox sərmayə yatırıblar. Bu da ölkəyə qoyulan ümumi xarici investisiyaların təxminən yarısını təşkil edir. Azərbaycanda 600-ə yaxın Britaniya şirkəti fəaliyyət göstərir. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasından sonra BP şirkəti Azəri-Çıraq-Günəşli və Şahdəniz kimi nəhəng enerji layihələrinin əsas operatorudur.

Bu göstəricilər iki ölkə arasında ticarət əlaqələrinin getdikcə yüksəldiyini təsdiqləyir. Bəyannamədəki "ikitərəfli ticarət və investisiya əlaqələrini genişləndirmək və dərinləşdirmək, eləcə də davamlı, inklüziv və şaxələndirilmiş iqtisadi artımı təşviq etmək ambisiyalarını ortaq qəbul edirlər" müddəası qeyd etdiyimiz faktları təsdiqləyir.

Çindən Mərkəzi Asiyaya, oradan Xəzərlə Azərbaycana, buradan isə Avropaya uzanacaq Orta Dəhliz Birləşmiş Krallığın Mərkəzi Asiya və Çin, habelə Hind okeanı hövzəsindəki ölkələrlə iqtisadi-ticarət əlaqələrinin genişlənməsi, yeni enerji marşrutları üçün alternativ rol əldə etmək kimi imkanlarını artırır.

Böyük Britaniya kimi ölkə ilə elm və təhsil üzrə əməkdaşlıq da Azərbaycanda bu sahənin inkişafına təkan verər. Odur ki, Birgə Bəyannamədə bu məsələdən ayrıca bəndlə bəhs edilməsi təqdirəlayiq hal sayılır.

Sənəddə bildirilib ki, müasir dövrün tələblərinə cavab vermək üçün ölkələr ali təhsil, peşə təhsili, təlim, rəqəmsal və texniki bacarıqlar, eləcə də icraedici və dövlət sektorunda təlim də daxil olmaqla təhsil və bacarıqların inkişafı sahəsində əməkdaşlığı dərinləşdirəcəklər.

Böyük Britaniyanın Ali Təhsil Statistikası Agentliyinin hesabatlarına və təhsil bazarı araşdırmalarına əsasən, Birləşmiş Krallıq Türkiyə və Rusiyadan sonra Azərbaycan gənclərinin ən çox üz tutduğu ilk 3 ölkədən biridir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2025/2026-cı tədris ilinin əvvəlində dövlət xətti ilə xaricdə oxuyan 2 045 azərbaycanlı gəncdən 438 nəfəri Böyük Britaniya universitetlərində təhsil alır.

2026-cı ilin son statistikasına görə, "2022–2028-ci illər üzrə Dövlət Proqramı" çərçivəsində ümumilikdə 2 252 nəfərə yaxın qəbul siyahısı üzrə indiyədək təqaüd qazanan tələbələrin çoxu Böyük Britaniya ali məktəblərini seçib.

Təkcə London Universitet Kollecində 2026/2027-ci tədris ili üzrə 104 azərbaycanlı tələbə təhsil alır. Edinburq Universiteti, Mançester Universiteti, Bristol Universiteti və London İqtisadiyyat Məktəbi azərbaycanlı tələbələrin ən sıx cəmləşdiyi ali məktəblərdəndir.

Bu kimi sənədlərin imzalanması Azərbaycanın qlobal miqyasda nüfuzunun göstəricisidir. Prezident İlham Əliyev oktyabrın 27-də Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında bildirib: "Beynəlxalq təmaslarımız onu göstərir ki, biz həqiqətən də özümüzü beynəlxalq birliyin etibarlı və hörmətli bir üzvü kimi təqdim edə bilmişik". Dövlət başçısı həmin çıxışında ABŞ, Çin və Avropa İttifaqı ilə strateji tərəfdaş olduqlarını da vurğulayıb.

Odur ki, Böyük Britaniya ilə strateji müttəfiqlik Azərbaycanın qlobal miqyasda qəbul olunan etibarlı tərəfdaşlıq coğrafiyasının genişlənməsinin daha bir nümunəsidir.

44 filmi