Bu gün Azərbaycanın daha iki yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında final görüşünə çıxacaq.
"Report"un məlumatına görə, 63 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov həlledici raundda Gürcüstan təmsilçisi Leri Abuladze ilə üz-üzə gələcək.
67 kq-da Həsrət Cəfərov qızıl medal uğrunda kubalı Luis Sançeslə görüşəcək.
Bundan əlavə, 87 kq-da İslam Abbasov təsəlliverici qarşılaşmada Qırğızıstandan olan Azat Salidinovun müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, sərbəst güləşçilərdən isə Osman Nurməhəmmədov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) gümüş medal qazanıblar. Sənan Süleymanov, Həsrət Cəfərov və Maqomedxan Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da əldə ediblər.