Azərbaycan cüdoçusu Vüqar Talıbov Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanıb.
“Report”un məlumatına görə, 20 yaşlı idmançı 90 kq çəki dərəcəsində mundialı ikinci pillədə başa vurub.
1/16 finaldan mübarizəyə qoşulan V.Talıbov finala qədər bütün rəqiblərini üstələsə də, həlledici görüşdə yaponiyalı Komei Kavabataya məğlub olub.
Bu çəki dərəcəsindəki digər təmsilçimiz İsmayıl Zamanov 1/8 finalda çıxışını başa vurub.
Ömər Rəcəbli isə 81 kq-da bürünc medal qazanmaq şansını son anda əldən verib. O, təsəlliverici dueldən üstün ayrılsa da, bürünc medal uğrunda qarşılaşmada yaponiyalı Naoto İzavaya uduzub.
Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Vüsal Qələndərzadə (73 kq) qızıl, Nizami İmranov (60 kq) gümüş medal əldə ediblər.