İstintaq Komitəsi: Karapetyan və digərləri "Elektrik şəbəkələri"nə 177 milyon dollar ziyan vurub - Yenilənib
- 04 noyabr, 2026
- 16:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Müxalif "Güclü Ermənistan" partiyasının lideri, iş adamı Samvel Karapetyan və onunla əlaqəli şəxslərin əməlləri nəticəsində "Ermənistan Elektrik Şəbəkələri" QSC-yə 64,5 milyard dram (177 milyon dollar) məbləğində ziyan dəyib.
"Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin 65 nəfərin yaşayış yerində, o cümlədən Karapetyanın və onun qardaşı oğlu Narek Karapetyanın evlərində aparılan bugünkü axtarışların yekunlarına dair bəyanatında bildirilib.
Axtarışdan sonra Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Samvel Karapetyanı evdən aparıblar. İstintaq Komitəsinin əməkdaşları axtarışları Milli Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Gəlirləri Komitəsindən olan həmkarları ilə birlikdə aparıblar.
İstintaqın məlumatına əsasən, iş adamı və onun tapşırıqları ilə 2016-2024-cü illərdə fəaliyyət göstərən şəxslərin özəl sektorda vəzifə səlahiyyətlərindən sui-istifadə etdikləri, külli miqdarda əmlakı mənimsədikləri və çirkli pulları yuduqları müəyyən edilib.
Ermənistan İstintaq Komitəsinin müstəntiqləri "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyanın və eyniadlı parlament fraksiyasının rəhbəri Narek Karapetyanın evində axtarışlar aparırlar.
"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Axtarışlar həmçinin Karapetyanlarla əlaqəli digər ünvanlarda da aparılır.
Qeyd edək ki, Samvel Karapetyan 2026-cı il yanvarın 19-dan ev dustaqlığındadır. O, 2025-ci ilin iyununda hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə həbs olunub və ev dustaqlığı barədə qərara qədər Milli Təhlükəsizlik Xidmətinin cəzaçəkmə müəssisəsində saxlanılıb.
Ermənistan İstintaq Komitəsindən bildirilib ki, İqtisadi cinayətlərin və qaçaqmalçılığın istintaqı üzrə Baş İdarə tərəfindən araşdırılan cinayət işi çərçivəsində eyni vaxtda 65 ünvanda axtarışlar aparılır.