"Discovery Communications"in regional direktoru: "Azərbaycanın nəhəng idman ölkəsi olmaq üçün əla potensialı var"
- 06 dekabr, 2017
- 08:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 dekabr. REPORT.AZ/ "Azərbaycan müxtəlif idman tədbirlərini qəbul və təşkil edərək turizm potensialını inkişaf etdirir".
Bunu "Report"a müsahibəsində "Discovery Communications" şirkətinin Şimal-Şərqi Avropa üzrə vitse-prezident, idarəedici direktoru Anna Pak deyib.
"Dünya çempionatları və olimpiada kimi yarışlar ölkəyə turist və investisiya cəlb edir. İndi Azərbaycan özünü həm də turizm istiqamətində göstərir və idman tədbirləri respublikaya bu sahədə qarşıya qoyulan məqsədlərə nail olmaqda kömək edəcək", - o bildirib.
A.Pakın sözlərinə görə, Azərbaycan hazırda müxtəlif idman növlərini inkişaf etdirir.
"Respublikada "Formula-1" yarışları keçirilir, ilk Avropa Oyunları keçirilib, indi gənclər arasında oyunların keçirilməsindən danışırıq, Azərbaycan komandası son yay Olimpiadasında yaxşı çıxış edib. Bütün bunlar Azərbaycanın idman ölkəsi olmağa can atdığını nümayiş etdirir", - o vurğulayıb.
Bundan əlavə, o qeyd edib ki, 2019-cu ildə futbol üzrə Avropa Liqasının final oyunu Bakıda keçiriləcək, burada yeni idman obyektləri, o cümlədən yeni Olimpiya stadionu tikilib.
"Azərbaycanın böyük potensialı var və indi bunu həyata keçirir. Bundan əlavə, Azərbaycanın qədim tarixi və yenilikləri birləşdirən çox gözəl Bakı şəhəri var. Onu da deyim ki, Azərbaycan xalqı səmimiyyəti və qonaqpərvərliyi ilə məşhurdur və bunu şəxsi təcrübəmə əsasən təsdiqləyə bilərəm. Odur ki, burada digər ölkələrin idmançıları və qonaqlarını görməkdən məmnun olurlar və bu, beynəlxalq idman tədbirlərinin təşkilində çox vacib məqamdır", - A.Pak qeyd edib.
O, həmçinin vurğulayıb ki, idman millətin sağlamlığıdır, ölkədə keçirilən böyük turnirlər isə orada idman mədəniyyətinin formalaşmasına kömək göstərir.