"Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizə aparsam, oraya yalnız iştirakçı kimi getmək istəmirəm".
Bunu "Report"a açıqlamasında Bakıda təşkil olunan Böyük Dəbilqə turnirdə qızıl medal qazanan cüdoçu Yaşar Nəcəfov deyib.
66 kq çəki dərəcəsində çıxış edən idmançı olimpiadada medal qazana biləcəklərini söyləyib: "Hər şey ola bilər. Bizim çəkidə çox böyük rəqabət var. Millidə kimin lider olacağı barədə nəsə deyə bilmərəm. Cüdoçularımızın hamısı istedadlı və güclüdürlər. Olimpiadaya vəsiqəni tam təmin edənə qədər danışmaq istəmirəm. Hələ qarşıda 9 ay vaxtımız var və bir neçə lisenziya xarakterli turnirlər olacaq".
24 yaşlı cüdoçu Bakıda qalib gəldiyi yarış haqqında da danışıb: "Mənə dəstək verən və yanımda olan hər kəsə təşəkkürümü bildirirəm. Bu hissləri sözlə ifadə etmək olmur. Çünki öz ölkəmdə qızıl medal qazanmaq həmişə arzum olub".
Nəcəfov rəqiblərinin güclü idmançılar olduğunu vurğulayıb: "Püşkatmadan sonra kimlərlə üz-üzə gələcəyimi demək olar ki, bilirdim. Onların bəziləri əvvəl məni məğlub etmişdilər. Amma bu barədə heç nə fikirləşmədim və yarış gününü gözlədim. Həmin vaxt isə özümü yaxşı hiss edirdim. İtaliya təmsilçisinə qalib gələndə ən azı finala yüksələ biləcəyimi düşündüm və sonda qalib oldum".
Qeyd edək ki, Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 3 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. Yığma bu nəticə ilə komanda hesabında birinci olub.