Azərbaycan Cüdo Federasiyasının (ACF) təşəbbüsü ilə Biləcəri qəsəbəsində yeni cüdo zalı fəaliyyətə başlayıb.
ACF-dən "Report"a verilən məlumata görə, bununla əlaqədar noyabrın 6-da qurumun icraçı vitse-prezidenti Rəşad Rəsullu, vitse-prezident Elnur Məmmədli, Olimpiya çempionu Hidayət Heydərov və digər rəsmi şəxslər cüdo zalına baş çəkərək orada yaradılan şəraitlə tanış olublar.
Cüdo zalında 320 kv.m sahəsi olan “dojo” (cüdo məşq zalı) və 75 kv.m sahəsi olan fiziki hazırlıq zonası mövcuddur. Cüdo zalı Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan Almaniyanın “Zebra” şirkətinin tatamiləri, fiziki hazırlıq zonası uşaqların fiziki inkişafının təmin edilməsi üçün lazımi idman avadanlıqları ilə təchiz edilib. Bundan başqa, valideynlər üçün gözləmə zonası, məşqçi və paltardəyişmə otaqları da mövcuddur.
R.Rəsullu bildirib ki, ACF-nin fəaliyyətində əsas istiqamətlərdən biri ölkədə mövcud olan cüdo məşq zallarının maddi-texniki bazasının təkmilləşdirilməsidir:
“Bakı şəhərinin ən iri qəsəbələrindən olan və 50 mindən çox əhalinin yaşadığı Biləcəridə ən müasir standartlara uyğun cüdo zalının fəaliyyətinin təmin edilməsi federasiyanın bu istiqamətdə həyata keçirdiyi növbəti layihədir. Əminik ki, yeni fəaliyyətə başlayan cüdo zalı qəsəbədə yaşayan uşaqların, yeniyetmələrin və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl imkan yaradacaq”.
Qeyd edək ki, ACF 2022-ci ildən etibarən Bakı və regionlarda 100-ə yaxın cüdo zalını 6,500 tatami ilə təmin edib və 1,300 idmançının ödənişsiz məşq keçməsinə şərait yaradıb. Həmçinin federasiyanın maliyyə dəstəyi ilə Sumqayıtda, Gəncədə, Zaqatalada və Qusarda regional təlim-məşq mərkəzləri fəaliyyətə başlayıb, Ağstafa, Sabirabad, Qazax, Zəngilan rayonunun Ağalı kəndi və Bakının Zirə qəsəbəsində cüdo zalları təmir edilərək istifadəyə verilib.
Növbəti ildə isə federasiyanın fəaliyyət proqramına uyğun olaraq, təxminən 50 cüdo zalının daha 4,000 tatami ilə təmin edilməsi, həmçinin İmişli, Şabran, Qax və bir sıra digər rayonlarda yeni cüdo zallarının fəaliyyətə başlaması planlaşdırılır.