1-2 oktyabrda İsveçrənin Lozanna şəhərində keçiriləcək Beynəlxalq Atletlər Forumunda Azərbaycanı sabiq cüdoçu Rüstəm Orucov təmsil edəcək.
"Report"un məlumatına görə, toplantıda Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Atletlər Komissiyasının (AK) 400-dən çox nümayəndəsi olacaq.
Açılış günü komissiyanın son işlərinin icmalı və onun yenilənmiş strategiyası müzakirəyə çıxarılacaq. Tədbir iştirakçıları AK-nın idarə olunması ilə bağlı fikir mübadiləsi apararaq müxtəlif sessiyalara qatılacaqlar.
Burada Rusiya və ya Belarus idmançılarının beynəlxalq yarışlarda iştirakı ilə bağlı məsələlər gündəmə gətiriləcək. Forumun ikinci günündə isə Yay Olimpiya Oyunları haqqında müzakirələr aparılacaq.
Qeyd edək ki, 2016-cı ildəki olimpiadanın və dünya çempionatlarının gümüş mükafatçısı, Avropa çempionu Rüstəm Orucov həm də Azərbaycan Atletlər Komissiyasının sədridir.