“İdmançılarımız Bakıya gələndə çox yaxşı təcrübə toplayırlar”.
“Report” xəbər verir ki, bunu Qax Olimpiya İdman Kompleksi və Zaqatala Talaçay Kompleksinin bədii gimnastika üzrə məşqçisi Sevda Ramazanova Milli Gimnastika Arenasında keçirilən təlim-məşq toplanışı barədə jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis 2023-cü illə müqayisədə bölgədə gimnastların sayının artdığını bildirib: “Burada bir həftə təlim-məşq toplanışı keçəcəyik. Ötən il 4 nəfərlə gəlmişdiksə, bu dəfə hazırlığa qatılan gimnastların sayı 11-ə çatıb. Gimnastlar bu toplanışda fiziki hazırlıqlarını artırır, alətlərlə işləmək texnikasını möhkəmləndirirlər. Bizə bu şəraiti yaradan Azərbaycan Gimnastika Federasiyasına təşəkkürümüzü bildiririk”.
Sevda Ramazanova bu cür toplanışların sayının çox olmasını istəyir: “Belə toplanışlar bölgə gimnastları üçün böyük köməkdir. Bu cür hazırlıqların il ərzində 2-3 dəfə təşkilini çox istərdik. Ötən il bir sıra yarışlarda iştirak etdik, uğurlar qazandıq. Həmin ənənəyə sadiq qalaraq, bu il daha çox beynəlxalq yarışlara qoşulmaq və medallarımızın sayını ikiqat artırmaq niyyətindəyik”.