Balabəy Ağayev: "Paris olimpiadasında qızıl medal qazanmağı hədəfləyirəm"

Balabəy Ağayev: "Paris olimpiadasında qızıl medal qazanmağı hədəfləyirəm" "2023-cü ildə ölkəmiz üçün daha çox medal qazanmağa çalışacağam"
Fərdi
29 Dekabr , 2022 09:20
Balabəy Ağayev: Paris olimpiadasında qızıl medal qazanmağı hədəfləyirəm

Azərbaycan cüdoçusu Balabəy Ağayev 2018-ci ildə gənclər arasında dünya çempionatında gümüş medal qazanıb.

60 kq çəki dərəcəsində çıxış edən idmançı iki dəfə Böyük Dəbilqə turnirində qalib olub.

24 yaşlı cüdoçu ilin yekunları ilə bağlı "Report"un suallarını cavablandırıb.

- 2022-ci ili özünüz üçün necə dəyərləndirirsiniz?
- Bu il mənim üçün yaddaqalan oldu. Türkiyənin Konya şəhərində keçirilmiş İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandım. Bakıdakı Böyük Dəbilqədə 1-ci, Dubaydakı yarışda 3-cü yeri tutdum. Ən əsas turnirlərdən biri olan Mastersdə bürünc medala yiyələndim. Bu, qızıl medal da ola bilərdi. Qismət belə imiş. 2023-cü ildə ölkəmiz üçün daha çox medal qazanmağa çalışacağam.

- Bu il istəyib əldə edə bilmədiyiniz titul hansı oldu?
- Avropa çempionatında 5-ci yerlə kifayətləndim. Medalın bir addımlığında dayandım. İslamiadada final görüşündə topuğumdan zədələndim. Bu səbəbdən məşqlərdən kənarda qaldım və dünya çempionatına getmək şansını qaçırdım.

- Baş məşqçi Rixard Trautmanın təyinatından sonra hansı müsbət dəyişikliklər gözə çarpır?
- Demək olar ki, bütün məşqçilər heyətində dəyişiklik baş verib. Təyinatlardan sonra isə nəticələrimiz göz qabağındadır.

- Onu digər mütəxəssislərdən fərqləndirən əsas xüsusiyyət hansıdır?
- Trautman daha çox yerdə güləşməyə üstünlük verir. Biz də bunun üzərində çalışırıq və özümüzü bu yöndə inkişaf etdirmək istəyirik.

- Öz çəkinizdə - 60 kq-da əsasən Kəramət Hüseynovla rəqabət aparırsınız. Tokio olimpiadasında o iştirak edib. Paris-2024 üçün Kəraməti qabaqlayacağınızı düşünürsünüz?
- Kəramətlə bərabər çəkimizdə başqa cüdoçular da var. Növbəti olimpiadaya bir il var. Bu da az vaxt deyil. Kimin qismətində varsa, o da gedəcək.

- Son dünya çempionatına sənin yox məhz Kəramət Hüseynovun aparılması sizə necə təsir etdi?
- Zədəyə görə bəzi təlim-məşq toplanışlarını qaçırdım. Bu toplanışlar həmin yarışa hazırlıq məqsədi daşıyırdı. Hazırlıq prosesinə qatılmadığıma görə məşqçilər belə məsləhət gördülər.

- Getsəydiniz, medalçılar sırasına düşə bilərdiniz?
- Bəli. İştirak etsəydim, medal qazana bilərdim.

- Sizcə, Elxan Məmmədovdan sonra niyə kimsə dünya çempionatında qızıl medal qazana bilmir?
- Hələlik Elxan Məmmədov yeganə dünya çempionumuzdur. Bu yarışlar həm çox məsuliyyətli, həm də çətin olur. Hər ölkə ən azı iki idmançı ilə təmsil olunur. Yaponiya, Cənubi Koreya və Monqolustanın güclü cüdoçuları qızıl medallara iddialıdırlar. Bəzən dünya çempionatları Yay Olimpiya Oyunlarından çətin keçir.

- Bu nailiyyəti təkrarlamaq kimi bir istəyiniz varmı?
- Bəli. Həqiqətən bunu çox istəyirəm. Ən böyük arzularımdan biridir.

- Paris-2024-də iştirak etsəniz, ilk hədəfiniz nə olacaq?
- 2021-ci ildə Parisdəki Böyük Dəbilqədə qızıl medal qazanmışdım. Qismət olsa, bu dəfə ölkəmizə olimpiya "qızıl"ını gətirməyi hədəfləyirəm.

Son xəbərlər

Orphus sistemi