Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatının rəsmi səfiri, dəfələrlə dünya çempionu, Yay Olimpiya Oyunlarının mükafatçısı, Yana Batırşina "Ocaq" Sport Klubunda qonaq olub.
"Report" Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə klubun gimnastları, gimnastika ilə məşğul olan əqli və fiziki imkanları məhdud uşaqlar, həmçinin onların məşqçiləri iştirak edib.
Rusiyalı səfir gimnastlarla söhbət edib və özü ilə gətirdiyi olimpiya medalını onlara nümayiş etdirərək, karyaresının maraqlı və çətin məqamlarından, qələbələrinin sirrindən danışıb.
Görüşün sonunda Batırşina şəxsi imzası ilə gimnastlara xüsusi kartlar və köynəklər hədiyyə edərək, onlarla xatirə şəkilləri çəkdirib.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçiriləcək mundial 16 - 22 sentyabrda təşkil olunacaq. Yarış 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. 62 ölkənin iştirak edəcəyi çempionatda həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları 7 gün boyunca baş tutacaq ayrı-ayrı alətlər və çoxnövçülük yarışlarında ən yaxşıların sırasında olmağa çalışacaqlar. Eyni zamanda komanda hesabında ən güclülərin adları açıqlanacaq.