Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turnirinin açılış mərasimi keçirilib
- 15 fevral, 2025
- 12:46
Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turnirinin açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbirdə Azərbaycan Cüdo Federasiyasının, həmçinin Beynəlxalq Cüdo Federasiyasının rəsmiləri, iştirakçı ölkələrin nümayəndələri, idmançılar və azarkeşlər iştirak ediblər.
Əvvəlcə turnirə qatılan ölkələrin bayraqları nümayiş olunub. Daha sonra Azərbaycan cüdoçularının beynəlxalq turnirlərdə uğurlu çıxışları haqqında videorolik təqdim edilib.
Ardınca Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev çıxış edib. O, ötən il Paris olimpiadasında uğur qazanan cüdoçuların çıxışına diqqət çəkib. Bu yarışın Azərbaycan idmanına verəcəyi faydalardan danışıb və cüdoçulara uğurlar arzulayıb.
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer də "Böyük Dəbilqə"də iştirak edən idmançılara uğurlar arzulayıb. O, Azərbaycanda keçirilən yarışla bağlı müsbət fikirlər səsləndirib və turniri açıq elan edib.
Sonda həm Azərbaycanın, həm də Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib və ikinci günün final görüşlərinə start verilib.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 16-da başa çatacaq. Azərbaycan yarışda 32 idmançı ilə təmsil olunur.
Foto: Vüqar Xanlarov