Bakı. 9 iyul. REPORT.AZ/ Azərbaycanın yeniyetmə güləşçiləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş dünya çempionatında 8 medal qazanıblar.
"Report"un məlumatına görə, yığma üzvləri ümumilikdə 2 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olublar.
İlk olaraq, sərbəst güləşçilərin mübarizəsi ilə başlayan çempionatda Vahid Məmmədovun rəhbərlik etdiyi komanda 2 qızıl və 1 bürünc medalla komanda hesabında 4-cü olub. Əlihəsən Əmirli (48 kq) və Turan Bayramov (65 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə bürünc medala yiyələnib. Bayramov həm də ötən ay keçirilən Avropa çempionatının qalibi olaraq yeniyetmələrin III Olimpiya Oyunlarına vəsiqə qazanmışdı.
Məşqçilər Rövşən Umudov və Həsrət Məmmədyarovun rəhbərliyi altında çıxış etmiş 5 qadın güləşçidən yalnız Şahanə Nəzərova (43 kq) gümüş medala sahib olub. Böyük məşqçi Bəhram Mürvətovun rəhbərliyi altında mübarizə aparmış 7 yunan-Roma güləşçisindən Sərxan Məmmədov (110 kq) gümüş, Qurban Qurbanov (45 kq), Həsrət Cəfərov (51 kq) və Adəm Hacızadə (60 kq) bürünc medal əldə edib.
Qeyd edək ki, görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edib.