Oktyabrın 17-dən 27-dək Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 20-23 yaşlı gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi bitmək üzrədir.
Azərbaycan Ağır Atletika Federasiyasından "Report"a verilən məlumata görə, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli olan yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulublar.
Bu gün onlardan ikisi - Əliş Nəzərov və İsmayıl Qurbanov körpücük üzərinə qalxaraq Avropa birinciliyindəki çıxışlarımıza yekun vurublar.
Əliş Nəzərov yaşı 20-yə qədər olan atletlərin 109 kq çəki dərəcəsində yarışıb. O, toplam 323 kq (147+176) nəticə ilə 9-cu yeri tutub.
İsmayıl Qurbanov isə yaşı 20-yə qədər olan atletlərin +109 kq çəki dərəcəsində qüvvəsini sınayıb. O, toplam 320 kq (135+185) nəticə ilə 11-ci yeri tutub.