Kişilər arasında Paris Yay Olimpiya Oyunlarına vəsiqə qazanmağa ən real namizəd Ramil Vəliyev idi.
Bunu “Report”a açıqlamasında Azərbaycanın üzgüçülük millisinin baş məşqçisi Rəşad Əbdürrəhmanov Serbiyada keçirilən Avropa çempionatının nəticələrinə əsasən Paris-2024-ə lisenziya qazanan Məryəm Şeyxəlizadəxangah və Ramil Vəliyevin çıxışı barədə danışarkən deyib.
O, xüsusən iki qadın üzgüçü arasında sona qədər mübarizə getdiyini bildirib:
“Avropa çempionatında 4 idmançımız - Ramil Vəlizadə, Rəşad Alquliyev, Məryəm Şeyxəlizadəxangah və Fatimə Alkərəmova iştirak edirdi. Bu, olimipiya oyunları öncəsi son yarış idi. Çalışırdıq ki, olimpiadada iştirakımızı təsdiqlədək. Qadınlar arasında əvvəl Fatimənin üstünlüyü var idi, amma yarışın son günlərində Məryəm olimpiya məsafəsində xal fərqi ilə onu üstələdi. 50 metr məsafəyə sərbəst üsulda 26.42 saniyə ilə 713 xal topladı. Fatimə isə 200 metr məsafəyə sərbəst üsulda 2.06 dəqiqə göstərici ilə 704 xal topladı. Ona görə də Məryəm olimpiadaya lisenziya qazandı”.
Mütəxəssis lisenziya qazana bilməyən üzgüçülərin öz rekordlarını yenilədiklərini vurğulayıb:
“Rəşad Alquliyev özünün ən yaxşı göstəricisinə imza atdı. Yəni şəxsi rekordunu yenilədi. Buna uğursuzluq deyə bilmərəm. Əslində əvvəlkindən daha yaxşı nəticə göstərdiyi üçün uğur sayılır. Sadəcə, lisenziya üçün xalı çatmadı. Ramil və Fatimə yarımfinalda mübarizə apardılar. Bu da bizim üçün qənaətbəxş sayılır, inkişaf var. Yarımfinalda iştirak etmək, yüksək xal qazanmaq asan iş deyil”.
R.Əbdürrəhmanov hər iki üzgüçüdən Paris-2024 ilə bağlı gözləntilərini açıqlayıb:
“Həm Ramil, həm də Məryəmdən Yay Olimpiya Oyunlarında nəticələrini daha da yaxşılaşdırmalarını gözləyirəm. Yarımfinala qədər irəliləyəcəklərinə inanıram. Hə ikisi gəncdir, ümidim var. Olimpiadaya ən yaxşı idmançılar qatılır. Bununla belə, yaxşı nəticə əldə etmək istəyirik”.
Qeyd edək ki, Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının nəticələrinə əsasən, M.Şeyxəlizadəxangah və R.Vəlizadə rəsmi dəvət əsasında olimpiadaya vəsiqə qazanıblar. Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 14-dək keçiriləcək.