“Komandanın çıxışını yaxşı qiymətləndirirəm”.
Bunu “Report”un Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycanın atletika yığmasının məşqçisi Hakim İbrahimov deyib.
33 yaşlı mütəxəssis yarışın ilk üç günündə 3-cü Divizionda mübarizə apardıqlarını bildirib. O, Anna Skidanın hələ də medal şansını davam etdirdiyini xatırladıb: “Komandamızı 14 idmançı, 4 məşqçi və 1 həkim təmsil edirdi. Yarış günlərində 3 idmançımız mükafatçılar siyahısına daxil oldu. Çəkic atmada Anna Skidan, üç təkanla tullanma Yekaterina Sarıyeva 3-cü Divizionda birinci yeri tutublar, Aleksis Kopello üç təkanla tullanmada ikinci olub. Hazırda Skidanın medal qazanmaq şansı davam edir. Çünki 2-ci Diviziondan onu cəmi bir nəfər keçib. İndi 1-ci Divizionun nəticələrini gözləyirik. Əgər oradakı idmançıların nəticəsi daha yüksək olmasa, Skidan gümüş medal qazanacaq”.
Məşqçi digər atletlərdən də razı qaldığını vurğulayıb: “Digər idmançılarımız çıxış etdikləri növlərdə ya şəxsi göstəricilərini yaxşılaşdırıblar, ya da mövsümdə ən uğurlu nəticəyə imza atıblar”.
H.İbrahimov Krakova az heyətlə yollandıqlarını söyləyib: “Əgər bura geniş heyətlə gəlsəydik, komanda hesabında daha yüksək xallar toplayardıq”.