Azərbaycan millisinin böyük məşqçisi: “Avropa çempionatındakı uğurumuzu şəhidlərimizə həsr edirik”

Azərbaycan millisinin böyük məşqçisi: “Avropa çempionatındakı uğurumuzu şəhidlərimizə həsr edirik” “Avropa çempionatındakı uğurumuzu Mübariz İbrahimov başda olmaqla, bütün şəhidlərimizə həsr edirik. Məhz Mübariz İbrahimovun şəhid olduğu günün ildönümündə çempionlarımız Hacı Kərimov (55 kq) və Yusif Dursunov (110 kq) erməni güləşçi ilə görüşdülər”.
Fərdi
19 İyun , 2023 22:44
Azərbaycan millisinin böyük məşqçisi: “Avropa çempionatındakı uğurumuzu şəhidlərimizə həsr edirik”

“Avropa çempionatındakı uğurumuzu Mübariz İbrahimov başda olmaqla, bütün şəhidlərimizə həsr edirik. Məhz Mübariz İbrahimovun şəhid olduğu günün ildönümündə çempionlarımız Hacı Kərimov və Yusif Dursunov erməni güləşçi ilə görüşdülər”.

“Report”un məlumatına görə, bunu Azərbaycanın sərbəst güləş millisinin böyük məşqçisi Əsgərxan Novruzov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatındakı çıxışları barədə Heydər Əliyev adına hava limanında jurnalistlərə açıqlamasında deyib.

Qarşılanma mərasiminə görə, təşəkkürünü bildirən mütəxəssis komandanın buna layiq olduğunu bildirib: “Ötən il Avropa çempionatından 6 qızıl medalla qayıtmışdıq və komanda hesabında çempion olmuşduq. Hər dəfə bu uğura nail olmaq da mümkün deyil. Üstəlik, bu dəfə Rusiya və Belarus idmançıları yarışa qoşulmuşdular. Yenə də uşaqlar öz güclərini göstərərək, 7 medal qazandılar. Komanda hesabında ikinci yeri tutsaq da, 10 qızıl medaldan 4-nü Azərbaycan idmançıları əldə etdilər. Rusiya kimi komanda cəmi 1 qızıl medal qazandı”.

Ə.Novruzov növbəti hədəflərinin Türkiyədə keçiriləcək dünya çempionatında birinci yeri tutmaq olduğunu sözlərinə əlavə edib: “Bundan sonra dünya çempionatına hazırlaşacağıq. Yəqin ki, heyətdə dəyişiklik olacaq. Çünki bəzi çəkilərdə zəif güləşənlər oldu. Düzdür, onların hər biri Azərbaycan çempionudur. Yenə də sınaqdan keçirəcəyik. Dünya çempionatında ən azı bu nəticəni təkrarlamağa və komanda hesabında birinci yeri tutmağa çalışacağıq. İndiyə qədər qitə birinciliyində 3-4 dəfə çempion olsaq da, mundialda bunu reallaşdıra bilməmişik. Uşaqların gücü onu göstərdi ki, komanda bu il İstanbulda dünya çempionu olacaq”.

Qeyd edək ki, Azərbaycanın sərbəst güləş millisinin 7 üzvü U-17 Avropa çempionatında fəxri kürsüyə qalxıb. Cəfər Cəfərov (45 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq) və Yusif Dursunov (110 kq) qızıl, Seyhun Əlizadə (51 kq), Mirzəağa Axundov (65 kq) və İsmayıl Rəhimli (71 kq) isə bürünc medal qazanıblar.

Son xəbərlər

Orphus sistemi