Yuxarı
    Bağlamaq

    Azərbaycan güləşçisi olimpiadada qazandığı medaldan məhrum edilib

    Dünya Güləş Birliyi medalı kimə verəcəyini müəyyənləşdirməlidir

    Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycanın yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib. "Report"un məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) qərar verib.

    Səbəb kimi 60 kq çəki dərəcəsində çıxış etmiş Rəhimovun dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı aşkarlanıb.

    Artıq karyerasını başa vurmuş güləşçi İOC-un qərarına əsasən, gümüş medal və diplomunu geri qaytarmalıdır.  Medalın kimə veriləcəyini isə Dünya Güləş Birliyi müəyyənləşdəcək. 

    Qeyd edək ki, Vitali Rəhimov "Pekin-2008"də 60 kq çəki dərəcəsi üzrə final qarşılaşmasında rusiyalı İslambek Albiyevə uduzub. O, yarımfinalda qazaxıstanlı Nurbakıt Tengizbayevi məğlub edib. 

    Beləliklə, Azərbaycan idmançılarının 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı medalların sayı 6-ya enib: 1 qızıl, 1 gümüş və 4 bürünc medal. Bu nəticə ilə ölkəmiz medal əyarı sıralamasında 1 pillə geriləyib və 40-cı pilləyə enib. Əvəzində Sloveniya 39-cu olub.

    Xatırladaq ki, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında yeganə qızıl medalı cüdoçu Elnur Məmmədli (73 kq) qazanıb. Yunan-Roma güləşçisi Rövşən Bayramov (55 kq) gümüş, boksçu Şahin İmranov (57 kq), cüdoçu Mövlud Mirəliyev (100 kq), qadın güləşçi Mariya Stadnik (48 kq) və sərbəst güləşçi Xetaq Qazyumov (96 kq) bürünc medala yiyələnib.

    Onu da əlavə edək ki, İOC Azərbaycan ağırlıqqaldıranı Nizami Paşayevi də cəzalandırıb. İkiqat dünya və Avropa çempionu da 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 94 kq çəki dərəcəsində tutduğu 5-ci yer və diplomdan məhrum edilib.

    Buna Paşayevdən götürülmüş dopinq-testin təkrar analizinin müsbət nəticə verməsi səbəb olub. Onun orqanizmindən istifadəsi qadağan edilmiş dehidroxlormetiltestosteron (turinabol), oksandrolon və stanozolol aşkarlanıb.

    İOC-un qərarına əsasən, Paşayev diplomunu dərhal qaytarmalı, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası 5-ci yeri kimə verəcəyini müəyyənləşdirməlidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi